Sosial şəbəkələr və rəqəmsal platformalar müasir dövrdə informasiya mübadiləsinin əsas vasitələrinə çevrilib. İnsanlar baş verən hadisələr haqqında məlumatı daha sürətli əldə edir, müxtəlif məsələlərlə bağlı fikirlərini sərbəst ifadə edirlər. Lakin bu imkanlardan heç də həmişə düzgün məqsədlər üçün istifadə olunmur. Bəzən yanlış məlumatlar yayılır, ictimai rəy manipulyasiya edilir və insanların həssas duyğularından siyasi məqsədlər üçün yararlanmağa çalışılır. Xüsusilə dini amildən istifadə etməklə cəmiyyətdə fikir ayrılıqlarını dərinləşdirmək, gənclərin dünyagörüşünə təsir göstərmək və qarşıdurma yaratmaq cəhdləri aşkar müşahidə edilir.
Metbuat.az bildirir ki, məktəblərdə vahid geyim qaydaları ətrafında aparılan müzakirələr də bu baxımdan obyektiv qiymətləndirilməlidir. Təhsillə bağlı qərarları mahiyyətindən uzaqlaşdırmaq, onları dini və siyasi qarşıdurma mövzusu kimi təqdim etmək cəmiyyətdə yanlış təsəvvürlər yaradır. Halbuki məktəbli geyiminin əsas məqsədi şagirdlər arasında sosial fərqlərin ön plana çıxmasının qarşısını almaq, intizamı möhkəmləndirmək və sağlam təhsil mühiti yaratmaqdır. Bu qaydalar müzakirə edilərkən onların məqsədi, hüquqi əsasları və şagirdlərin maraqlarına təsiri nəzərə alınmalıdır.
Məktəb yalnız bilik və bacarıqların öyrədildiyi yer deyil. Uşaqlar burada ünsiyyət qurmağı, fərqli düşüncələrə hörmətlə yanaşmağı, ümumi qaydalara əməl etməyi və məsuliyyət daşımağı öyrənirlər. Buna görə də təhsil müəssisələrində müəyyən edilmiş qaydalar ümumi təhsil mühitinin tələblərinə uyğun olmalıdır.
Dini dəyərlərə hörmətlə yanaşmaqla təhsil qaydalarına əməl etmək bir-birinə zidd məsələlər kimi təqdim olunmamalıdır. İnsanın dini inancı onun şəxsi dünyagörüşünün mühüm hissəsi ola bilər və bu inanca hörmətlə yanaşılması vacibdir. Bununla belə, dini hisslərdən istifadə edərək məktəblərdə süni gərginlik yaratmaq, valideynləri və şagirdləri qarşıdurmaya sövq etmək cəhdləri də diqqətdən kənarda qalmamalıdır. Əlbəttə, insanların fikirlərini bildirmək hüququ var. Lakin bu hüquqdan istifadə zamanı yanlış məlumatların yayılmasına və cəmiyyətdə düşmənçilik mühitinin formalaşdırılmasına yol verilməməlidir.
Belə həssas məqamda ən düzgün yol emosiyalara qapılmaq deyil, faktlara əsaslanmaqdır. Təhsil müəssisələri, media və ailələr gənclərin informasiya savadlılığının artırılmasına xüsusi diqqət yetirməlidirlər. Şagirdlər məlumatın mənbəyini yoxlamağı, qərəzli təqdimatı tanımağı və müxtəlif iddiaları müqayisə edərək nəticə çıxarmağı bacarmalıdırlar. Media da həssas mövzuları işıqlandırarkən məsuliyyətli davranmalıdır.
Dini hisslərdən siyasi məqsədlər üçün istifadə olunması cəmiyyətdə etimadı zəiflədir, insanlar arasında əsassız şübhələr və fikir ayrılıqları yaradır. Təhsil kimi mühüm sahə siyasi və ideoloji qarşıdurmaların meydanına çevrilməməlidir. Əsas məqsəd şagirdlərin maraqlarını qorumaq və cəmiyyətdə qarşılıqlı hörmət mühitini möhkəmləndirmək olmalıdır.
Nazim Hüseynzadə / Metbuat.az