ABŞ-nin “Lockheed Martin” şirkəti hipersəsli hədəfləri məhv edə biləcək yeni nəsil “Patriot” raketi hazırlayıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, PAC-3 Edge adlanan yeni raket ABŞ Ordusunun müasir hava təhdidlərinə qarşı yeni nəsil ələkeçirici yaratmaq proqramı çərçivəsində hazırlanıb.

Şirkətin açıqlamasına görə, yeni raket hazırda istifadə olunan PAC-3 MSE ilə müqayisədə daha yüksək effektivliyə malik olacaq. PAC-3 Edge-in müasir ballistik və hipersəsli raketlər də daxil olmaqla mürəkkəb hava təhdidlərinə qarşı istifadə edilməsi nəzərdə tutulur.

Yeni raketdə PAC-3 MSE-də tətbiq olunan texnologiyalarla yanaşı, yeni özütuşlama başlığı, təkmilləşdirilmiş idarəetmə sistemi və daha güclü bərk yanacaqlı mühərrik istifadə edilib.

PAC-3 Edge-in sınaqlarına 2027-ci ildə başlanması, ilkin olaraq hərbi istifadəyə verilməsinin isə 2031-ci ildə həyata keçirilməsi planlaşdırılır.

Yeni raketin texniki göstəriciləri hələ açıqlanmayıb. Bununla belə, “Lockheed Martin” hesab edir ki, sistem yüksək sürətlə hərəkət edən və trayektoriyasını dəyişə bilən ballistik və hipersəsli hədəflərin ələ keçirilməsində mühüm üstünlük yarada bilər.

Qeyd edək ki, “Patriot” sistemləri ABŞ və müttəfiq ölkələrin hava hücumundan və raketdən müdafiə arsenalında əsas vasitələrdən biridir.

Daha əvvəl “Bloomberg” ABŞ-ın İranla hərbi qarşıdurma zamanı “Patriot” sistemləri üçün mövcud müasir raketlərin yarısından çoxunu istifadə etdiyini yazıb. “Wall Street Journal” isə “Lockheed Martin”in raket istehsalını üç dəfə artırmaq üçün Arkanzasdakı müəssisəsində yüzlərlə yeni işçi cəlb etdiyini bildirib.