Yəməndəki husilərin oktyabrın əvvəlindən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına 20 hücum həyata keçirdiyi bildirilir.

Metbuat.az xəbər verir ki, bu barədə cümə axşamı Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi husilərə qarşı koalisiyanın nümayəndəsi Türki əl-Maliki açıqlama verib. Hücumlar nəticəsində 17 nəfər ölüb, 333 nəfər yaralanıb.

Türki əl-Malikinin sözlərinə görə, Kral Xalid Beynəlxalq Hava Limanı oktyabrın 1-dən etibarən 20 hücumun hədəfi olub. Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Əl-Maliki bildirib ki, oktyabr ayında husilər Səudiyyə Ərəbistanında onlarla hava limanına, neft obyektinə və limana zərbələr endirməyə cəhd ediblər. Bununla belə, o, həmin hücumların neçəsinin uğurlu olduğunu açıqlamayıb. Koalisiya nümayəndəsi həmçinin husilərin regional tərəfdaşların köməyi ilə qabaqcıl hərbi texnologiyalar əldə etdiyini iddia edib. Onun sözlərinə görə, husilərin arsenalında ballistik raketlər, hücum dronları və partlayıcılarla yüklənmiş qayıqlar var.

Əl-Maliki husiləri mülki əhaliyə və mülki infrastruktura hücumları dayandırmağa çağırıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Yəmənin hökumət qüvvələrinə husilərə qarşı mübarizədə hərbi dəstək verən ərəb koalisiyasına rəhbərlik edir. Koalisiya husilərin mövqelərinə hava zərbələri endirir. Husilər isə buna cavab olaraq Səudiyyə Ərəbistanının infrastruktur obyektlərinə qarşı hərbi əməliyyatlar həyata keçirirlər.