“Rəqəmsal aktivlərin gələcəyinin necə olacağını dəqiq proqnozlaşdırmaq mümkün deyil. Bu sahədə həm sürətli inkişaf ssenariləri, həm də müxtəlif risklər mövcuddur”.
Metbuat.az xəbər verir ki, bunu BCG-nin direktoru, rəqəmsal aktivlər üzrə risk eksperti Elizabeth Lippert “reTHINK RISK” tədbirində çıxışı zamanı bildirib:
“Rəqəmsallaşma ilə birlikdə ödənişlər, logistika, eləcə də tokenləşdirilmiş investisiya aktivləri kimi istifadə sahələrinin genişləndiyini görürük. Rəqəmsal aktivlərin gələcəyi ilə bağlı çox fərqli yanaşmalar var. Bəziləri hesab edir ki, bu texnologiyalar böyük imkanlar yaradacaq. Digərləri isə düşünür ki, rəqəmsal aktivlər cinayətkarlar üçün yeni vasitəyə çevrilərək həyatımızı daha da çətinləşdirə bilər".
O qeyd edib ki, rəqəmsal aktivlərin ödənişlər, logistika və investisiya sahələrində tətbiqi genişlənir. Bununla belə, həmin texnologiyaların gələcəyi ilə bağlı həm nikbin, həm də ehtiyatlı yanaşmalar mövcuddur:
"Mən strateji məsləhətçi kimi hər zaman bir sual verirəm: Biz nəyə hazır olmalıyıq?
Düşünürəm ki, müxtəlif maraqlı tərəflərin bizə fərqli suallarla müraciət edəcəyini nəzərə almalıyıq. Müştərilər soruşa bilərlər ki, rəqəmsal aktivlərə investisiya qoymağa dəyərmi? Bu məhsulları təklif edirsinizmi? Siz innovativ şirkətsiniz, yoxsa inkişafdan geri qalırsınız?
Digər tərəfdən, direktorlar şurası bu sahədə hansı imkanların olduğunu və onlardan necə istifadə edə biləcəyimizi soruşa bilər.
Tənzimləyici qurumlar isə öz tələblərini irəli sürəcəklər.
Anladığım qədər, bəzi ölkələrdə bu proses artıq başlayıb, digərlərində isə müvafiq tələblər qüvvədədir".
Mütəxəssis qeyd edib ki, şirkətlər tənzimləyici qurumların rəqəmsal aktivlərlə bağlı tələblərinə hazır olmalı və bu istiqamətdə gördükləri tədbirləri təqdim edə bilməlidirlər:
"Eyni zamanda, tərəfdaşlar yeni kommersiya imkanları təklif edə bilərlər. Bu zaman həmin təklifləri qəbul edib-etməmək barədə qərar verməlisiniz. Əgər imtina edirsinizsə, təşkilat daxilində bunun səbəbini əsaslandırmağa hazır olmalısınız. Əgər qəbul edirsinizsə, tərəfdaşlıq çərçivəsində yarana biləcək problemlərin qarşısını almaq üçün hansı tədbirlərin görülməli olduğunu əvvəlcədən bilməlisiniz”, – deyə Elizabeth Lippert bildirib.