Türkiyənin tanınmış geologiya mühəndisi, professor Osman Bektaş zəlzələ və torpaq sürüşməsi təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Metbuat.az xəbər verir ki, professor Türkiyənin Şərqi Qara dəniz bölgəsində, xüsusilə Rize və Artvin ərazilərində torpaq sürüşmələrinin yalnız intensiv yağıntılarla əlaqəli olmadığını bildirib. Onun sözlərinə görə, zəlzələlər də bu cür təbiət hadisələrini sürətləndirir.
Bektaş qeyd edib ki, son illərdə Arhavi-Hopa ərazisində dağıntılarla nəticələnən torpaq sürüşmələri baş verib. Bölgənin geoloji və geofiziki xüsusiyyətlərinin nəzərə alınmasının vacibliyini vurğulayan professor hadisələrin səbəbini yalnız yağışlarla izah etməyin düzgün olmadığını bildirib.
Alim 2024-cü ildə Rize vilayətinin Çamlıhemşin rayonunda qeydə alınan 4,8 maqnitudalı zəlzələdən sonra baş verən hadisələrə də diqqət çəkib. Onun sözlərinə görə, zəlzələdən 4-5 gün sonra Rizedə torpaq sürüşməsi qeydə alınıb. Bir neçə gün sonra isə Arhavi ərazisində böyük torpaq kütləsi avtomobil yolunu bağlayıb və nəticədə 4 nəfər həyatını itirib.
Professor həmin vaxt ərazidə yağıntının olmadığını bildirib.
Osman Bektaş bölgədə aparılan geoloji və geofiziki araşdırmaların ərazinin tədricən dənizə doğru çökməsini göstərdiyini vurğulayıb.
O, Qara dəniz sahil yolu ilə bağlı da xəbərdarlıq edərək bildirib ki, həmin ərazi yük avtomobillərinin və digər nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi mühüm tranzit marşrutudur. Professor mövcud risklərə qarşı sadə tədbirlərin kifayət etməyəcəyini, yamacların təhlükəsiz vəziyyətə gətirilməsi üçün genişmiqyaslı mühəndislik işlərinin təxirə salınmadan həyata keçirilməli olduğunu qeyd edib.
Bektaşın sözlərinə görə, lazımi qabaqlayıcı tədbirlər görülməzsə, bölgədə oxşar faciələr yenidən yaşana bilər.