Neftin qiyməti üç il 50 dollar civarında qala bilər

Neftin qiyməti üç il 50 dollar civarında qala bilər
21:27 20 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

BBC-nin iqtisadiyyat redaktoru Robet Peston belə bir qəti proqnoz verib və onun proqnozu neft nəhəngi BP-yə, lakin onun hər hansı bəyanatına yox, atdığı addımlara söykənir.
 
Peston yazır ki, BP Şotlandiyanın Aberdeen şəhərindəki qərargahında bir neçə yüz işçini ona görə ixtisar edir ki, neft qiymətlərinin yaxın vaxtlarda artacağına inanmır.
 
Məqalədə deyilir ki, "heç bir neft şirkətinin gələcəyi göstərən sehirli büllur kürəsi yoxdur", lakin BP-nin atdığı bütün addımlar məntiqə əsaslanır, çünki şirkət qarşıdan gələn illərdəki investisiya və struktur inkişafı planlarını neftin qiymətlərinə uyğun şəkildə qurur.
Robert Peston yazır ki, işçi qüvvəsinin ixtisarının ardınca şirkətin başqa addımları müşahidə olunacaq. Bunlar investisiyaların qısılması və hasilatın maya dəyərinin baha olduğu köhnə mədənlərdəki istehsalın genişləndirilməsi planlarının sonraya qoyulmasıdır.
Müəllif qeyd edir ki, Aberdeen BP üçün böyük əhəmiyyətə malik mərkəzdir və oradakı qərargahda 4 min işçi çalışır. Bu mənada bir neçə yüz işçinin ixtisarı çox görünməsə də rəmzi xarakter daşıyır.
 
BP-nin neft qiymətlərinin yaxın üç ildə 50-60 dolları keçməyəcəyinə əmin olmasına səbəb, həm də səudların, əmirliklərin və küveytlilərin hazırda yürütdükləri neft siyasətidir.
 
Səudiyyə zərər çəkməyə hazırdır
 
Peston yazır ki, Səudiyyə neftin istehsalını azaltmaqla qiymətlərin qalxmasına imkan yaratmaq niyyətində deyil, çünki ilk növbədə Amerikanın baha başa gələn şist neftinin qiymətini öldürüb onu bazardan çıxarmağı qarşısına məqsəd qoyub.
Səudiyyə Ərəbistanı nəinki Amerikanın şist nefti çıxaran şirkətlərini müflis etməyə can atır, o həmçinin gələcəkdə belə bir sənayeyə kredit verə biləcək bankları qurutmaq istəyir.
 
Təhlilçilər deyirlər ki, neft qiymətlərinin aşağı olmasından Səudiyyənin öz büdcəsi də zərər çəkir. Ölkənin bu il üçün büdcəsi netfin bir barrelinin 90 dollar olacağı perspektivindən tutulub.
 
Bununla belə, bir sıra siyasətşünasların fikrincə, Səudiyyəni bu anda düşündürən iqtisadi yox, siyasi çıxarlarıdır.
Amerikanın şist neftini və beləliklə, onun enerji müstəqilliyini hədəfləməklə ər-Riyad Vaşinqtonu özünün ən yaxın müttəfiqi kimi orbitdə saxlamağa cəhd edir.
İstər Səud sülaləsinin ölkədaxili, istərsə də bir ölkə kimi Səudiyyənin regional təhlükəsizliyini ABŞ-la strateji müttəfiqliyi təmin edir. Dünyanın ən avtoritar rejimlərindən biri kimi qiymətləndirilən Səudiyyədə hakim sülalə ilə vəhabi üləmaları arasında 300 illik qarşılıqlı etimad müqaviləsi mövcuddur və Səud ailəsi bu ittifaqın hər hansı bir şəkildə laxlamasını istəməzdi.
 
Sünni-şiə nefti
 
Lakin iş elə gətirib ki, Səudiyyənin Amerika neftini hədəfləmək siyasəti onun başqa mühüm maraqları ilə üst-üstə düşüb.
Qlobal neft qiymətlərinin aşağı olması ən ölümcül təsirini İran və Rusiyaya göstərir.
Bu iki ölkə neftdən Səudiyyə qədər asılı olsalar da, ayaqda qalmaq üçün onun qədər zəngin deyillər.
Tehran və Moskvanın əzab çəkməsi Səudiyyənin planlarına uyğun gəlir, çünki onların hər ikisi Suriyada Bəşər əl-Əsədin ələvi-şiə rejiminə dəstək verirlər.
Bu mənada hazırkı neft qiymətləri qarşıdurması qeyri-ixtiyarı olaraq həm də şiə-sünni ixtilafları cəbhəsindən keçir.
Səudiyyə Bəşər əl-Əsədin hakimiyyətdən salınmasına elə bir şiddətlə can atır ki, bu yolda bir neçə qeyri-ənənəvi addımlara da hazırdır.
 
Şahzadə Bəndərin Rusiya nağılı
 
2013-cü ilin avqustunda Britaniya qəzetləri Səudiyyə şahzadəsi Bəndər bin Sultanın Rusiyaya gizli səfəri və Vladimir Putinlə məxfi görüşündən yazırdı.
Ehtimal edilirdi ki, Kreml tərəfindən mətbuata sızdırılmış informasiyalara görə şahzadə Rusiyaya onun 15 milyard dollarlıq silahını almağa boyun olur, əvəzində Moskvanın Bəşər əl-Əsədə dəstəyinin dayandırılmaslını istəyirdi.
Həmin məlumatlara görə, şahzadə Bəndər həmçinin Putinə işarə etmişdi ki, Soçi olimpiadasının təhlükəsziliyinin təminatı üçün Qafqaz islamçılarına özünün təsir gücündən istifadə edə bilər.
 
Bir sözlə o həm şirinlik təklif edir, həm də qorxudurdu.
 
ABŞ-ı qısqandırmaq siyasəti
 
Bir sıra təhlilçilərin fikrincə, bu gedişlə Səudiyyə həm də ABŞ-ın qısqanclığına səbəb olmaq istəmişdi.
Bu ölkə hazırda dünyada dördüncü ən böyük silah alıcısı və Amerika hərbi sənayesinin əsas müştərilərindən biridir.
Lakin nəticə etibarilə Putin bu təklifləri rədd etmiş, üstəlik hadisələrin sonrakı gedişində ABŞ və Britaniya Əsədin devrilməsi planından əl çəkmişdilər.
Amerikanın bu siyasəti Səudiyyə Ərəbistanını o qədər pərt etmişdi ki, Səud ailəsi elə həmin 2013-cü ilin dekabrında demarş aktı olaraq ölkəyə təklif olunan BMT Təhlükəszilk Şurası kürsüsündən imtina etmişdi.
 
Məhəmməd Zərifin baş tutmayan səfəri
 
Bütün bu müddət ərzində Səudiyyənin Suriya rejiminin başqa bir dəstəkçisi – İranla münasibətləri gərgin olaraq qalır.
Neft qiymətlərinin enməsi Tehranı o qədər çətin duruma salıb ki, İran hökuməti qiymətlərə təsir göstərməsi üçün ər-Riyada ağız açmalı olub. Lakin Səudiyyə bu məsələdə qətiyyətli görünür.
 
İran xarici işlər naziri Məhəməməd Cavad Zərifin ötən bazar günü ər-Riyada planlaşdırılan səfəri son 18 ayda növbəti dəfə təxirə salınıb. Tehran bunun neft qiymətləri məsələsində fikir ixtilafı ilə bağlı olduğunu etiraf edib.

Ər-Riyadın riski
 
Digər tərəfdən Səudiyyə Ərəbistanının hazırkı siyasəti risklərdən azad deyil.
Ər-Riyadı Amerikanın son aylardakı siyasətindən narazı salan həm də Vaşinqtonun İranla münasibətlərini normallaşdırmağa can atmasıdır.
Obama administrasiyası Tehranla Qərb ölkələri arasında gedən nüvə danışıqlarının uğurla nəticələnməsi üçün imkanları daxilində olan bütün vasitələrdən istifadə edir.
Elə Səudiyyənin neft siyasətinə görə çətin duruma düşmüş Tehran da bu danışıqlarda daha üzüyola olub.
Siyasi ekspertlər İran və Qərb arasında nüvə razılaşmasının artıq fevral ayında baş tuta biləcəyinə nikbin baxırlar.
Başqa sözlərlə Səudiyyə rəqiblərinə kömək etmiş olur.
 
Ucuz neftin Qərbə xeyri
 
Digər tərəfdən ucuz neft Qərb ölkələrində əhalinin yaşayış səviyyəsini yüksəldir və həyat şəraitini yaxşılaşdırır. Beləliklə Qərb hakimiyyətlərinin əhali arasında populyarlığı artır və mövqeyi möhkəmlənir.
 
Möhkəm mövqeyə malik hökumətlər isə xarici siyasətdə daha qətiyyətli addımlıar atmağa qabil olur. Bu addımlardan bir çoxu, məsələn elə Qərb-İran yaxınlaşması isə Səudiyyə Ərəbistanını razı sala bilməz.
 
İndiyədək etdiyi çıxışlarında Barack Obama açıq şəkildə qeyd edib ki, ABŞ-ın enerji sarıdan müstəqilliyinin bərqərar edilməsi Amerikanın Yaxın Şərq siyasətini müsəlman ölkələrinin neftindən azad edəcək.

Neft nəhənglərinin təmkini
 
Neftin özünə gəlincə isə, Qərb hökumətləri bir yana, neft nəhənglərinin özləri də ciddi narahatlıq ifadə etmirlər.
Məsələn, BP özünün gələcək investisiyalar da daxil büdcəsini neftdən asılı Səudiyyə, Rusiya və İrandan fərqli olaraq barreli 90-100 dollardan yox, 50-55 dollardan hesablayıb.
Beləliklə, transmilli neft şirkətlərinin Səudiyyənin təklif etdiyi oyunu oynamaq üçün kifayət qədər potensialı var.
Hazırda neft bazarında əsəblərin yarışı gedir.
 
Bu yarışda neft meydanının İran və Rusiya kimi nəhəngləri ilə yanaşı enerji bazarında ikinci-üçüncü dərəcəli rol oynayan Qazaxıstan və Azərbaycan kimi ölkələr də tamaşaçı vəziyyətinə düşüblər.
Rusiya bildirib ki, hətta hazırkı neft qiymətləri ilə də büdcəni 2016-cı ilədək ehtiyat fondların hesabına saxlaya bilər. Qazaxıstan və Azərbaycanda da eyni təsəlli və ümidlər səslənir.
 
Ən əhəmiyyətlisi isə budur ki, bu yarışın nəticələri onun iştirakçılarından daha çox, tamaşaçıları üçün həlledici ola bilər.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR