Daha 3 kənd ilk dəfə qaz gördü

Daha 3 kənd ilk dəfə qaz gördü
17:33 25 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

Bu gün Şamaxı, Sabirabad və İmişli rayonlarının daha üç kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend-in ARDNŞ-nin saytına istinadən verdiyi məlumata görə, bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şamaxı rayonunun Şərədil kəndinin ilk dəfə qazlaşdırılması münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, 103 abonenti olan kəndi “mavi yanacaq”la təchiz etmək üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 420 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 103 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Sabirabad rayonunun Əhmədabad kəndinə də ilk dəfə olaraq təbii qaz verilib. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, 469 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumilikdə 45 223 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 50 ədəd siyirtmə, 469 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

İmişli rayonunun Ağaməmmədli kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə keçirilmiş tədbirdə isə bildirilib ki, 167 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 24 206 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 167 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mərasimlərdə çıxış edən ictimaiyyət nümayəndələri kəndlərə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR