Bakı, 15 iyun, S.Allahverdiyeva, A.Rəcəbova, AZƏRTAC
İyunun 15-də Bakı Su İdmanı Sarayında birinci Avropa Oyunlarında sərbəst hərəkətlər üzrə sinxron duetlərdə rusiyalı idmançılar Dariya Kulaqina və Valeriya Filenkova qızıl medal qazanıblar. Bu, Rusiya idmançılarının birinci Avropa Oyunlarının sinxron üzgüçülük üzrə ilk qızıl mükafatıdır.
AZƏRTAC xəbər verir ki, 16 yaşlı qızlar səkkiz ay öncə birgə məşq etməyə başlayıblar. Buna baxmayaraq, onlar sərbəst proqramın finalında rəqiblərindən üstün çıxış ediblər.
Valeriya Filenkova deyib: “Ölkəmizi birinci Avropa Oyunlarında təmsil etmək və komandamız üçün ilk qızıl medal qazanmaq olduqca fərəhləndiricidir. Zənnimcə, çıxışımız çox yaxşı idi. Ancaq qalib olmaq üçün nəyin yaxşı, nəyin pis olduğunu məşqçidən soruşmaq lazımdır”.
Məşqçi Yuliya Qrevtseva onların potensialının daha yüksək olduğunu söyləyərək deyib: “Ancaq bu da pis deyildi. Onlar hələ çox gəncdir. Gələcəkdə necə bir cütlük olacaqlarını indidən söyləmək çətindir. Lakin bu, onlar üçün yaxşı bir başlanğıc oldu. Xarakterləri fərqli olsa da, bir-birini tamamlayırlar”.
Yuliya Qrevtseva sinxron üzgüçülük üzrə digər 4 medalı qazanmaq üçün də əllərindən gələni edəcəklərini bildirib.
Avstriyalı Anna-Mariya Aleksandri və Eirini-Marina Aleksandri dueti gümüş medal qazandı. Üçəm bacılardan ikisi öz təəssüratlarını bölüşərək deyiblər: “Medalın əyarı əsas deyil. Çox sevinirik ki, ilk Avropa Oyunlarında ölkəmizi təmsil etmək məhz bizə həvalə olunub. Bu Oyunlarla bağlı xoş təəssüratlar bizdə hələ çox qalacaq. Bakını çox sevdik. Oyunlar gərgin mübarizə şəraitində keçdi, xüsusilə də final görüşləri. Hakimlər tərəfindən yüksək qiymətləndirilmək bizim üçün çox xoş oldu”.
Bu yarışda Ukrayna atletləri Yana Nariyezna – Yelizaveta Yaxo dueti bürünc medal qazandı. Yana Nariyezna dedi: “Çox sevindirici haldır ki, Ukrayna oyunlara uğurla başladı. Biz əvvəldən uğurumuza inanırdıq və medala iddialı idik. Sinxron üzgüçülük həyatımızın mənasına çevrilib. İnanırıq ki, gələcəkdə bundan da yaxşı mükafatlara layiq görüləcəyik”.