Bakı, 16 iyun, AZƏRTAC
İyunun 16-da Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan Mətbuat Şurasında olub. Şuranın sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun səfirliyin mədəniyyət müşavirliyi ilə sıx əlaqələrinin olduğunu deyib. Bildirib ki, münasibətlərin dərinləşməsində səlahiyyət müddətini başa vurmaqda olan Seyid Əhməd Arslanın mühüm əməyi var. Ə.Amaşov Seyid Əhməd Arslana Mətbuat Şurasının diplomunu təqdim edib.
Mədəniyyət müşaviri Azərbaycanda işləməkdən məmnunluq duyduğunu bildirib. O, dünyanın 45-dən artıq ölkəsində Türkiyə səfirliyinin mədəniyyət müşavirliyinin fəaliyyət göstərdiyini bildirib. Amma Azərbaycandakı müşavirliyin gördüyü işlərin xüsusilə geniş səciyyə daşıdığını vurğulayıb.
Seyid Əhməd Arslan 2012-ci ildən ölkəmizdə fəaliyyət göstərir. Ötən müddətdə mədəniyyət müşavirliyi təkcə Bakıda deyil, respublikamızın bir çox bölgələrində mədəni tədbirlərin təşkilində mühüm rol oynayıb. Müşavirlik, həmçinin Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana media nümayəndələrinin səfərlərinin həyata keçirilməsində yaxından iştirak edib. Bundan başqa, Seyid Əhməd Arslanın səlahiyyət müddətində müşavirlik Türkiyə və Azərbaycanın mədəni həyatını əks etdirən “Turkiye.az” saytını da yaradıb.