Bakı 2015-də hansı oyunlara bilet qalıb? (VİDEO)

Bakı 2015-də hansı oyunlara bilet qalıb? (VİDEO)
00:16 20 İyun 2015
148 İdman
Ölkə mətbuatı
A- A+

İlk Avropa Oyunlarının bəzi yarışları bitsə də, hələ başlamayanları da var. Lakin yarışlara elə idman arenalarından azarkeşlik etmək istəyən tamaşaçılar oyunlara biletlər tapa bilmirlər. Maraqlı məqam isə odur ki, telekanallar vasitəsilə oyunları izləyərkən stadionlarda boş tamaşaçı yerləri görünür.

Bəzi yarışlara biletlər hamısı satılıb, bəzilərinə isə məhdud sayda qalıb. Bunu hətta bilet satışı məntəqələrinin qarşısında alıcıların azlığından da anlamaq olur.

Bilet satışı məntəqəsinin satış təmsilçisi Nəzrin Yaqubova deyir ki, karate və cüdo yarışlarına ümumiyyətlə biletlər qalmayıb. Satış təmsilçisinin sözlərinə görə, yerli və əcnəbi tamaşaçılar üzgüçülük və bədii gimnastika idman növü üzrə yarışlara daha çox maraq göstərirlər. Lakin satış məntəqələrində biletlər qalmasa belə tamaşaçılar bəzi yarışlarda iştirak edə biləcəklər.

“Bəzi idman arenalarında yarışların başlamasına bir saat qalmış əlavə sektorlar açılır və biletlər satılır. Hətta bizdə satış məntəqələrində biletlər qurtarsa, belə arenalardan biletlər almaq mümkündür”, – deyə satış təmsilçisi Nəzrin Yaqubova vurğulayıb.

Lakin oyunlara biletlərin tapılmadığı bir vaxtda bəzi yarış məkanlarında boş tamaşaçı yerləri də görürük.

Elə “Bakı 2015” ilk Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru Saymon Kleq də bugünkü mətbuat konfransında yarışlara bilet qıtlığının yaşandığı halda, stadionlarda isə boş yerlərin diqqət çəkməsinə aydınlıq gətirdi. Saymon Kleq bütün bunlara baxmayaraq tamaşaçı davamiyyətindən razılığını da ifadə etdi:

“Əslində deyərdim ki, bu Azərbaycan üçün yeni bazardır. Elə buna görə də biletlər ucuzdur. İnsanları cəlb edən isə məhz budur. Bilet alınması hələ azərbaycanlı tamaşaçılara indi aşılanır. Futboldan başqa digər idman növləri üçün bilet alma mədəniyyəti Azərbaycan tamaşaçısı üçün tədricən inkişaf edir”.

Avropalı rəsmi bilet satışından əldə olunan gəlirin məbləğini açıqlamadı. Lakin onun sözlərinə görə, bilet satışından əldə olunan gəlir oyunların təşkilində əsas kompanent deyil. Çünki bilətlər kifayət qədər ucuz qiymətlərə satılır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=351962

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR