Beynəlxalq konfransda Azərbaycan-Ukrayna münasibətlərindən, kitablardan və birinci Avropa Oyunlarından söhbət açıblar

Beynəlxalq konfransda Azərbaycan-Ukrayna münasibətlərindən, kitablardan və birinci Avropa Oyunlarından söhbət açıblar
14:43 20 İyun 2015
52 Ölkə
Ölkə mətbuatı
A- A+


Kiyev, 20 iyun, AZƏRTAC
İyunun 19-da Taras Şevçenko adına Kiyev Milli Universitetində (KMU) “Ukrayna-Azərbaycan: tarixin və mədəniyyətin yolayrıcında” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib. Konfrans çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən hazırlanmış, tərcümə edilmiş və nəşr olunmuş kitabların təqdimatı olub.
Konfrans Azərbaycanın bu ölkədəki səfirliyinin, KMU-nun, “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” (UABD) Ümumukrayna İctimai Təşkilatının və s. qurumların təşkilatçılığı ilə keçirilib.
Konfransın T.Şevçenko adına KMU-nun tarix fakültəsinin dekanı, professor İvan Patrilyak və universitetin tarix fakültəsinin humanitar elmlər üçün tarix kafedrasının dosenti Oleq Kupçik moderatorluq ediblər.
T.Şevçenko adına KMU-nun rektoru, Ukrayna MEA-nın akademiki, Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Leonid Quberski forum iştirakçılarını salamlayıb.
Sonra Azərbaycan Respublikasının Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycan və Ukrayna haqqında aktual əsərlərin və nəşrlərin təhlili Azərbaycan-Ukrayna münasibətləri ilə bağlı məsələlərə dair elmi tədqiqatların sayının artmasından xəbər verir.
N.Əliyev Ermənistanın Azərbaycana təcavüzü, Azərbaycanın Dağlıq Qarabağ regionunun və ətraf yeddi rayonunun işğalı məsələsi üzərində xüsusi dayanaraq bildirib ki, işğalın davam etməsinə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə, o cümlədən idmanda və Olimpiya hərəkatında sabitliyə, inkişafa və tərəqqiyə istiqamət götürüb. N.Əliyev möhtəşəm və əzəmətli idman hadisəsi olan birinci Avropa Oyunlarından, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi Təşkilat Komitəsinin gördüyü böyük hazırlıq işlərindən ətraflı söz açıb. O vurğulayıb ki, Oyunların açılış mərasimi, kontinental yarışların ən yüksək səviyyədə təşkili təkcə Avropada, o cümlədən Ukraynada deyil, bütün dünyada heyranlıq doğurub.
Forumda Azərbaycan ilə Ukrayna arasında ikitərəfli siyasi, iqtisadi və humanitar münasibtlər müzakirə edilib.
Sonra Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən hazırlanmış, tərcümə edilmiş və nəşr olunmuş kitabların təqdimatı olub.
Elmi forumun iştirakçılarına aşağıdakı kitablar təqdim edilib: V.Andriyanov, H.Mirələmov – “İlham Əliyev: Azərbaycan Prezidentinin portreti”; Aida İmanquliyeva – “Seçilmiş məqalələr” ( hər ikisi Ukrayna dilində); C.Qasımlı, O.Kupçik, Ə.Dəmirov – “Ukrayna – Azərbaycan siyasi münasibətləri: tarix və müasirlik” (rus dilində).
Konfrans iştirakçıları akademik Ramiz Mehdiyevin “Gorus-2010; absurd teatrı mövsümü”, “Dağlıq Qarabağ: məxəzlər üzrə oxunmuş tarix” (hər ikisi Ukrayna dilində); O.Kupçik və Ə.Dəmirovun “Kiyev şəhərinin azərbaycanlı tələbələri Ukraynanın ictimai-siyasi həyatında (1900-1917)” (rus dilində); Y.Mahmudovun “Heydər Əliyev ideyalarının müzəffər yürüşü”; R.İvanovun “Kəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi. Tarixi oçerklər”; İ.Həbibbəylinin “XX əsrin əvvəlində Azərbaycan ədəbiyyatı”; Mir Cəlalın “Yolumuz hayanadır?”; Mirzə Fətəli Axundzadənin “Seçilmiş əsərləri” (hamısı Ukrayna dilində); A.Merejkonun “Dağlıq Qarabağ problemi və beynəlxalq hüquq” (rus dilində); R.Novruzov və İ.Qasımovun “Azərbaycan dili. Ukraynalı tələbələr üçün dərs vəsaiti” (Ukrayna dilində). Bütün bu kitablar Kiyevdəki “İzdatelskiy dom Dmitriya Buraqo” nəşriyyatında çapdan çıxıb.
Konfrans çərçivəsində “Ukrayna-Azərbaycan: müxtəlif xalqlar, ümumi tarix” fotosərgisi keçirilib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beynelxalq_konfransda_Azerbaycan_Ukrayna_munasibetlerinden_kitablardan_ve_birinci_Avropa_Oyunlarindan_sohbet_achiblar-865621

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR