Bakı, 22 iyun, AZƏRTAC
“Şahdəniz Mərhələ-2” layihəsi üzrə dəyəri 363 milyon dollarlıq növbəti iki müqavilələr imzalanıb.
“bp-Azerbaijan”dan AZƏRTAC-a bildirilib ki, “Şahdəniz Mərhələ-2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri sürətlə irəliləyir. Azərbaycanda və Gürcüstanda yerləşən bütün quraşdırma və tikinti sahələrində artıq mühüm irəliləyişlər əldə olunub. Bu işlərin bir hissəsi olaraq bu yaxınlarda daha iki müqavilə imzalanıb. Həmin müqavilələr 2018-ci ildə ilk qaz əldə edildikdən sonra yatağın gələcək cinah hissələrinin işlənməsinə dəstək olmaq üçündür. Bu müqavilələrin imzalanması layihənin həyata keçirilməsi qrafikini dəstəkləyir və bu iri işlənmə layihəsinin bütün sahələrində əldə edilmiş irəliləyişə daha bir əlavədir.
“Şahdəniz Mərhələ-2” üzrə sualtı hasilat sistemi avadanlıqlarının təchizatı üçün 297 milyon dollar dəyərində müqavilə “FMC Kongsberg Subsea AS” şirkəti ilə imzalanıb. Bu müqavilə çərçivəsindəki işlərin həcminə sualtı manifoldlardan, əlaqədar idarəetmə bloklarından və birləşdirici avadanlıqlardan ibarət 3, 4 və 5 saylı hasilat kompleksləri üçün avadanlığın təchizatı daxildir. Avadanlıqların təchizatı 2016-cı ildən 2021-ci ilədək mərhələlərlə həyata keçiriləcək.
Yatağın tammiqyaslı işlənməsi üçün tələb olunan sualtı fontan armaturlarının və köməkçi vasitələrin planlaşdırılan üç partiyasından ikincisinin təchizatı üçün 66 milyon dollar dəyərində müqavilə isə “OneSubsea (UK) Ltd” şirkəti ilə imzalanıb. Həmin avadanlıqların təchizatı 2016-cı ildən 2021-ci ilədək mərhələlərlə həyata keçiriləcək.