Bəs görəsən, sənət aləminin tanınmış simaları, aparıcılar bu yay harada və necə dincələcək?
Axşam.az tanınmışlar arasında apardığı sorğunu təqdim edir:
Xalq artisti İlhamə Quliyeva:
“Mənim istirahət aylarım başlayıb. Bütün yayı oğlum, gəlinim və nəvəmlə xaricdə olacam”.
Xalq artisti Səməd Səmədov:
“Mən hər il istirahətimi bağda nəvələrimlə keçirirəm. Bu mənim üçün əsl istirahətdir. Bağımda həm də itlərimə baxıram".
Əməkdar artist Dilarə Əliyeva:
"Bu yay xaricə getməyi düşünmürəm. Bölgələrə gedib, gəzib qayıdacam. “Səs verməyin!” verilişi final edəcək. Yeni mövsümdə başqa planlarımız var. Onların üzərində çalışmalıyıq".
Əməkdar artist Cavanşir Məmmədov:
"Bu yaxınlarda Hollandiyada olmuşam. Dostumun övladının toyu idi. Çoxdan söz vermişdim ki, məclisi təmənnasız özüm idarə edəcəm. Səfərdən yeni qayıtmışam. Mənim yay istirahətim budur. Həm də müğənni ağır iş görmür ki, dincəlməyi düşünə. Bütün günü evdə oluruq, axşam da toyumuza gedib, oxuyub gəlirik. Toy olmayanda da evdə dincəlirik".
Əməkdar artist Elza Seyidcahan:
"Bu yay istirahətə getməyəcəm. “Azərbaycanın səsi” layihəsində münsifəm. Həm də öz layihələrim çoxdur. Ona görə də dincəlməyi təxirə salmışam".
Müğənni Zamiq Hüseynov:
İfaçının prodüseri Elnur Hüsoynov onun hazırda istirahətdə olduğunu bildirib. Belə ki, Z.Hüseynov ailəsi ilə birlikdə İstanbulda dincəlir.
Aktrisa Ülviyyə Əliyeva:
“Cehiz” verilişimiz yay tətilinə çıxacaq. Amma “Zəhmətkeş ulduzlar”ın çəkilişləri davam edəcək. Ona görə də istirahət etməyəcəm. Başqa yeni layihələrim var. Bu yay bağda olmaqla kifayətlənəcəm".
Müğənni İradə İbrahimova:
“Hər zamankı kimi bu il də Bodrumda olacağıq. Rəhmətlik qayınatamın orada evi var. Hər il yığışıb, ora gedirik”.
Müğənni Ayan Babakişiyeva:
"Hələ ki, yay istirahəti haqda düşünmürəm. Belə bir planım yoxdur”.
Aparıcı Lətafət Ələkbərova:
“Hər il Türkiyədə dincəlirəm. Bu yay da qızım və anamla birlikdə Bodruma gedəcəyik”.
Aparıcı İlkin Həsəni:
“Yeni layihəmiz var, buna görə də istirahət imkanımız olmayacaq. Başımız film çəkilişlərinə qarışacaq”.
Müğənni Nadir Qafarzadə:
“Azərbaycanın səsi” layihəsində olduğum üçün xaricə gedə bilmirəm. Bütün yayı bağımda olacam, orada dincələcəm”.