Dünya mediası dünənki günü "qanlı cümə" adlandırdı. Fransa, Küveyt, Tunis, Somalidəki qanlı terror aktları, həlak olan onlarla insan, yaralanan yüzlərlə şəxs. Bütün teraktlara görə "İraq və Şam İslam Dövləti" (İŞİD) məsuliyyəti üzərinə götürüb.
Ramazan ayı olmasına rəğmən, İŞİD daha da fəallaşıb.
Milli.Az Al Arabia-ya istinadən bildirir ki, terror təşkilatı Suriyanın şimalında, Türkiyə ilə sərhədin yaxınlığında yerləşən Kobani şəhərinə də hücum edib.
Ekspertlərin fikrincə, İŞİD-in ramazan ayında fəallaşmasının zahiri səbəbi "İslam Xilafəti"nin bəyan edilməsindən bir il keçməsidir.
Bloomberg agentliyinin məlumatına görə, ABŞ və Britaniyanın xüsusi xidmətləri dünən müxtəlif ölkələrdə İŞİD-in törətdiyi teraktlar arasında əlaqənin olub-olmadığını araşdırırlar.
ABŞ Dövlət Departamenti Fransa, Tunis və Küveytdəki teraktların arasında əlaqə olmadığını bəyan edib. Fəqət, ekspertlər belə düşünmürlər.
Ən azı, ona görə ki, İŞİD ramazan ayının əvvəlində bəyanat yayaraq bildirmişdi: "Bu müqəddəs ayda kafirlərə və səlibçilərə qarşı daha amansız mübarizə aparacağıq. Ramazan ayı onlar üçün bəla ayı olacaq".
İstənilən halda İŞİD-in təsir dairəsinin Suriya və İraqdan kənara çıxdığı aşkardır.
Beyrutdakı Yaxın Şərq Tədqiqatları Mərkəzinin eksperti Katrin Şakdam deyib: "İŞİD-in hücumlarının bir məqsədi də məzuniyyətlər mövsümünün başlandığı indiki vaxtda turistləri Asiya və Afrika bölgələrinə yollanmaqdan çəkindirmək, onları qorxutmaqdır. Turizm region ölkələrinin iqtisadiyyatlarında çox önəmli yer tutur. Turistlərin sayı azalanda sosial zəmində etirazlar başlanacaq, narazılar çoxalacaq. Narazıları isə İŞİD sıralarına cəlb etmək çox asandır".
Milli.Az







