Bakı, 27 iyun AZƏRTAC
Böyük fəxarət hissi ilə Azərbaycanı son 18 ayda ailəm və xanımım ilə birgə ikinci vətənim adlandırıram. “Bakı-2015” həyatımda böyük rol oynadı. Azərbaycan ilə əməkdaşlığı böyük məmnuniyyət hissi ilə davam etdirəcəyəm.
AZƏRTAC verir ki, bu sözləri iyunun 27-də “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq günün yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
İndiyədək 217 qızıl medalın sahiblərini tapdığını bildirən Saymon Kleq iyunun 26-da 23 min 370 tamaşaçının 9 məkanda yarışları izlədiyini vurğulayıb. Tamaşaçıların orta sayının 78 faiz olduğunu söyləyən BEGOC-un əməliyyatlar üzrə baş direktoru könüllülərin yüksək səviyyəli və inanılmaz xidmət göstərdiyini diqqətə çatdıraraq deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə yüksək səviyyəli Oyunlar təşkil olundu. İdmançılar və beynəlxalq qurumların nümayəndələri vaxtında arenalara çatıblar. İyunun 26-da “Bakı-2015” ilk Avropa Oyunlarının rəsmi internet səhifəsinə 5,4 milyon izləyici daxil olub. İyunun 27-də daha 27 dəst medal sahibini tapacaq. Azərbaycanın yeni qızıl medallar qazanması tamaşaçıların sevincinə səbəb olub.
Bu gün küləyin sürətinə görə BMX velosipedi üzrə yarışlar keçirilməyəcək. İyunun 28-də 5 idman növü üzrə final yarışları olacaq. Bağlanış mərasimi üçün hazırlıqlar yüksək səviyyədə davam etməkdədir. Mərasim hər kəsin bəyənəcəyi təntənəli hadisə olacaq. İlk Avropa Oyunları ölkənizdən gedən hər bir idmançının xatirəsində silinməz izlər buraxacaq, bu gözəl günlər yaddaşlarına həkk olunacaq. Sözsüz ki, digər qurumların dəstəyi olmasaydı, belə bir mükəmməl yarışlar təşkil etmək çətin olardı. Azərbaycan çox parlaq gələcəyə malikdir”.
Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi, ölkəmizin İlk Avropa Oyunlarındakı missiyasının rəhbəri Könül Nurullayeva qazanılan uğurların dövlətimizin yüksək peşəkarlığının nəticəsi olduğunu söyləyib. O, Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsindən qürur hissi duyduğunu vurğulayaraq deyib: “Azərbaycan hazırda medalların sayına görə ikinci yerdədir. Əminəm ki, biz bu pilləni qoruyub saxlayacaq və idman tarixinə adımızı qızıl hərflərlə yazacağıq. İlk Avropa Oyunları Olimpiya standartlarına tam cavab verir. İdmançılar və rəsmi heyət üçün yüksək səviyyəli şərait yaradılıb. Bu gün boks üzrə 2, cüdo 4 idmançımız çıxış edəcək. Voleybol komandamızın yarışı olacaq. Bildiyiniz kimi, Avropa Oyunları 12 idman növü üzrə Rio Olimpiya Oyunlarına lisenziya hüququ verir. Bu lisenziyaların əldə edilməsi idmançılarımızın Rio Olimpiya Oyunlarında daha geniş tərkibdə iştirakı deməkdir. Tamaşaçıların azarkeşliyindən heyrətlə danışa bilərik. Beynəlxalq Olimpiya Komitəsinin rəhbərliyi Oyunlardan məmnundur. Bağlanış mərasimi ilə hamını heyrətləndirəcəyik. Uğurlarımızın və medallarımızın sayı da artacaq”.