“Fənn müəllimlərinin ixtisasartırma təlimi kursları”. Bu, Təhsil Nazirliyinin yeni layihəsinin adıdır. Layihənin ideyası 2014-cü ildə Bakı şəhəri üzrə müəllimlərin sınaq qiymətləndirilməsi nəticələrinin təhlili əsasında yaranıb. Müəyyən hazırlıq işləri görüldükdən sonra layihəyə start verilib.
Bakı şəhəri müəllimlərinin bilik və səriştəsinin sınaq qiymətləndirilməsini keçirməkdə məqsəd müəllimlərin ixtisas biliyi və tədris fəaliyyətinin səviyyəsi haqqında məlumatlar əldə etmək idi. Nəticələr göstərdi ki, müəllimlərin bir hissəsinin fənnin məzmunu ilə bağlı biliklərini yeniləməyə, digərlərinin metodiki yönümdən təkmilləşməyə, bəzi müəllimlərin isə hər iki tərəfdən bilik və bacarıqlarını inkişaf etdirməyə ehtiyacı var. Bu gün həmin məlumatlara əsaslanaraq müəllimlərin ehtiyaclarına uyğun ixtisasartırma təlimi kursları təşkil edilir. Beləliklə, son illər ərzində ilk dəfə olaraq ixtisasartırma kursları müəllimlərin təlim ehtiyaclarını öyrənilməklə təşkil edilir. Yəni tədris proqramları təklif deyil, tələblər üzərində qurulur.
Təhsil Nazirliyinin milli məsləhətçisi Nəzakət Mehdiyevanın sözlərinə görə, ixtisasartırma təlimləri ilk növbədə fənnin məzmunu ilə bağlı biliklərini yeniləməyə ehtiyacı olan müəllimlər üçün təşkil edilib. Universitetləri xeyli müddət əvvəl bitirən müəllimlərimiz var. Elm inkişaf edir, informasiyalar artır və yenilənir. Müəllimləri müəyyən dövr ərzində tədris etdiyi fənnə aid yeniliklərlə tanış etmək lazımdır. Buna görə də ilk olaraq müəllimlərin fənn biliklərinin inkişafı ilə bağlı təkmilləşdirmə kurslarına cəlb edilməsi qərara alındı. Elə fənlər var ki, orta məktəbin bütün siniflərində tədris olunur. Amma müəllimlər həmin fənləri ayrı-ayrı siniflərdə tədris edirlər. Başqa sözlə, uzun illər IX-XI siniflərdə tədris aparan müəllimlərin aşağı siniflərin məzmununu təkrar etmək imkanları olmayıb. Bu məqsədlə mütəxəssislər iki təlim proqramı hazırlayıblar. Bunun biri V-VIII , ikincisi IX-XI siniflər üzrə fənnin məzmunu ilə bağlı yenilikləri əhatə edir. Təlim kurslarına dəvət olunan müəllimlərin fənnin məhz hansı siniflər üzrə məzmununu yeniləməyə ehtiyacı olduğunu müəyyənləşdirmək üçün təlimdən əvvəl ilkin qiymətləndirmə keçirildi. Təlimə dəvət olunan müəllimlərdən 620 nəfəri könüllü olaraq ilkin qiymətləndirməyə qatıldı. Onlar arasından yaşı 55-dən aşağı olan müəllimlər yay aylarında təlim kurslarına dəvət olundu. Müalicə alan, xarici ölkələrə məzuniyyətini əvvəlcədən müəyyənləşdirən, evində qulluq tələb edən yaxını olan müəllimlərin kurslara indi deyil, növbəti mərhələdə qatılacaqları ilə bağlı müraciətləri də qəbul edilmişdir.
N. Mehdiyevanın sözlərinə görə, kurslarda iştirak könüllüdür. Zamanla bütün müəllimlər təlim kurslarından keçəcək və onların ehtiyaclarına uyğun təlim kurslarında iştirak etməsi üçün hər cür şərait yaradılacaq. Kurslar tədris ili boyunca davam edəcək və müəllimlər kursa qatılmaq vaxtını özləri seçib müraciət edəcəklər. Hal-hazırda 360 nəfər müəllimlə 8 fənn üzrə təlim kursları davam edir. Bunlar Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, tarix, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənn müəllimləridir.Təhsil Nazirliyinin mövqeyi belədir ki, müəllimi məcburi təlim kursuna gətirməklə heç nə əldə etmək olmaz. İlk növbədə yüksək keyfiyyətli təlim kurslarının təşkilinə nail olmaq lazımdır ki, müəllim özü həmin kurslarda iştirak etməyə can atsın.
- Təlimçilər kimlərdir?
- Təlim kurslarına ümumtəhsil məktəblərinin, müxtəlif tədris kurslarının təcrübəli müəllimləri təlimçi kimi dəvət olunub. Təlimçi müəllimlərlə əvvəlcədən bir neçə ay ərzində iş aparılıb. Hal-hazırda 30 nəfər təlimçi müəllimlərlə işləyir. Kursda tədris olunacaq proqramlar ekspertlər tərəfindən əvvəlcədən hazırlanmasına baxmayaraq, təlimçilərlə birgə həmin proqram dəfələrlə müzakirə edilib. Kurslar başlayan günə qədər proqramda bir sıra dəyişiklər edilərək təkmilləşdirilib və bir daha müəllimlərin istək və ehtiyaclarına uyğunlaşdırılıb. Təlim 120 akademik saatlıq proqramdan ibarətdir. Təlim mərkəzlərində koordinatorlar işin gedişinə nəzarət edir. İyul ayının əvvəlində proqram yekunlaşacaq və sonda yekun qiymətləndirmə keçiriləcək.
N. Mehdiyevanın sözlərinə görə, bütün bu proseslərdə yeganə məqsəd müəllimin məktəbdəki tədris fəaliyyətini təkmilləşdirməkdir. Ona görə də keçirilən qiymətləndirmələrə bir imtahan, bilik yarışması kimi baxmaq doğru olmazdı. Müəllimlər çalışmalıdırlar ki, bu təlim kurslarından daha çox bilik, bacarıq əldə etsin və təcrübələrini artırsınlar.
- Bir az da təlim mərkəzləri haqqında danışaq.
- Təhsil Nazirliyi yaxın gələcəkdə ixtisasartırma kurslarını Bakı şəhərinin rayonları üzrə təlim mərkəzlərində təşkil etməyi planlaşdırır. Bakı şəhərinin 12 rayonunun hər birində təlim mərkəzləri yaradılacaq. Lakin indiki halda müəllimlərin sayı az olduğuna görə bunu bütün rayonlarda təşkil etmək mümkün olmayıb. Məsələn, Pirallahı və ya Nəsimi rayonlarından hər fənn üzrə bir neçə nəfər müəllim müraciət etdiyi üçün həmin rayonların müəllimləri digər təlim mərkəzlərinə dəvət olunublar.
Bakı şəhəri 45 saylı məktəbdə Yasamal, Səbail, Binəqədi, Nəsimi, Nərimanov, 214 saylı məktəbdə isə Sabunçu, Suraxanı, Nizami, Pirallahı və Xətai rayonlarının müəllimləri üçün təlim kursları təşkil edilib. Təlim mərkəzləri müəyyənləşdirilərkən müəllimlərin gediş-gəlişini asanlaşdırmaq üçün metro stansiyalarına və avtobus dayanacağına yaxın olan məktəblər seçilib. Müraciət edən müəllimlərin sayından asılı olaraq bəzi fənlər üzrə kurslar Qaradağ rayonu 139 saylı məktəbdə təşkil edilib. Müəllimlərin sayı qrup təşkil etmək üçün kifayət etmədiyi halda, Qaradağ rayonundan olan müəllimlər digər mərkəzlərə təyin olunub. Məsələn, Qaradağ rayonundan müraciət edən kimya müəllimlərinin sayı az olduğu üçün onlar 45 saylı məktəbə dəvət edilib.
Müəllimlərin dediyinə görə, onlar əvvəlcə kursların hansı məqsədlə keçirildiyindən tam məlumatlı olmadıqlarına görə həvəs göstərmirdilər. Amma təlimin yüksək keyfiyyətlə təşkili onları fikirlərini dəyişməyə məcbur edib.
Nüşabə Məmmədova kursun təlimçilərindən biridir. 83 saylı məktəb-liseydə biologiya fənnini tədris edir. Əməkdar müəllim, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının biologiya fənni üzrə ekspert müəllimi, Həyat bilgisi, Zoologiya, Biologiya fənləri üzrə bir sıra məktəb dərsliklərinin müəllif və həmmüəllifidir.
- Çox səmərəli layihədir. Müəllimlər bu təlimlərdən çox razıdırlar. Məqsədimiz müəllimə ehtiyacı olan məsələləri öyrətməkdir. Bizim dövrümüzdə biologiyada məsələ həlli yox idi. Əvvəllər hətta məsələ kitabları tapılmırdı, indi isə vəsait çoxdur. Biologiya müəllimlərinin əksəriyyətinin ehtiyacı da məhz məsələlərin həlli ilə bağlıdır. Hal-hazırda qrupda müəllimlər hesablamalar aparırlar.
- Müəllimlərin aktivliyi necədir?
- Əvvəl istək yox idi. 3-4 dərsdən sonra yavaş-yavaş maraq artmağa başladı. Biz qrupda indi V-VIII siniflərin məzmunu üzrə iş aparırıq. Amma onlar növbəti aylarda ərizə ilə müraciət edərək IX-XI siniflər üzrə kurslara da qatılacaqlarını deyirlər. Elə müəllimlər var ki, həmkarlarından kursun maraqlı olduğunu eşidib və aramıza qatılmaq üçün müraciət edib. Məşğələlərdən nə dərəcədə razı qaldıqlarını isə özləri deyə bilərlər.
Aləmzar Adıgözəlova gənc müəllimlərdən sayılır. 14 ildir Qaradağ rayonu 274 saylı orta məktəbdə riyaziyyat fənnini tədris edir.
- Öyrənməyin yaşı yoxdur. Ona görə də kurs haqqında eşidəndə sevindim və məmnuniyyətlə iştirak edirəm. Artıq kurs üzrə 20 mövzu keçmişik. Burada xeyli yeni şey öyrəndim. Əvvəllər cəlb olunduğumuz kurslardan fərqli və üstün cəhəti odur ki, burada bizə konkret nə lazımdırsa, o tədris edilir. Təlimçimiz bizə daha asan metodla dərs keçməyi öyrədir. Sentyabrı həvəslə gözləyirəm ki, burda yeni öyrəndiklərimi tətbiq edim. Digər müəllimlərə də bu kurslarda iştirak etməyi tövsiyə edirəm.













