Dünya 5 nömrəsi Key Nisikori bu gün "Uimbldon"un ikinci turu çərçivəsində Santiaqo Jiraldoyla qarşılaşmalıydı.

Ancaq oyun baş tutmayacaq. Metbuat.az xəbər verir ki, yapon tennisçi ayağındakı zədə səbəbindən görüşə çıxmaqdan imtina edib. Belə olan halda, Jiraldo oynamadan mərhələ adlayıb.

Qeyd edək ki, Nisikori birinci turda Simone Bolelliylə görüşdə sıradan çıxmışdı. O, zədəyə baxmayaraq, Bolellini məğlub edə bilmişdi.

Nisikori karyerası ərzində zədələrdən çox əziyyət çəkib. Yapon raketka ustası 2009-cu ildə dirsəyindəki zədəyə görə mövsümün böyük hissəsini qaçırmışdı. Dünya 5 nömrəsi 2011-ci ildə "Amerika Açıq"dan belindəki ağrılar səbəbindən imtina etmişdi. Nisikori həmçinin 2013-cü ildə dizindən, keçən il isə qasığından və kürəyindən zədələnmişdi.