Bakı,7 iyul, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 7-də rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənni üzrə imtahan keçirir.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, imtahan Bakı şəhərində üç, Naxçıvan şəhərində bir binada təşkil olunub və saat 11:00-da başlanıb.
Cari ildə Azərbaycan dili fənni üzrə birinci imtahan aprelin 26-da keçirilib. Həmin imtahanda 7873 abituriyent iştirak edib, onlardan 6631-i imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiymət alıb.
Qəbul qaydalarına əsasən, aprelin 26-da keçirilmiş imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda “qeyri-məqbul” qiymət alan abituriyentlərə iyulun 7-də Azərbaycan dili fənni üzrə keçirilən imtahanda iştirak etmək imkanı verilir.
Abituriyentlərə Azərbaycan dili fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
İmtahanda 1782 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 975 nəfəri oğlan, 807 nəfəri qızdır. Abituriyentlərdən 1097-si cari ilin, 685-i əvvəlki illərin məzunudur.
İmtahanın idarə olunması üçün 14 imtahan rəhbəri, 142 nəzarətçi müəllim ayrılıb.