Yeni mövsümə yeni truppa üzvləri və bədii rəhbərlə - Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun bir qrup jurnalistlə ötən 142-ci mövsümün yekunlarına, yeni mövsümün yeniliklərinə həsr olunmuş görüşünün leytmotivini belə müəyyənləşdirmək olar. Beləliklə, 2015-2016-cı illər teatr mövsümündən etibarən teatrda bədii rəhbər fəaliyyət göstərəcək. Onun kimliyi hələlik açıqlanmasa da, direktor bildirdi ki, namizədlərin sayı yeddi nəfərdir və onların arasında hətta başqa ölkənin vətəndaşları olan teatr xadimləri də var. Yeni truppa üzvlərinə gəldikdə isə onların adları sənətsevərləri biganə qoymayacaq - teatrın keçmiş aktyoru Fuad Poladov, Mehriban Zəki və Fəxrəddin Manafov. Razılaşın ki, bu teatrın timsalında ümumilikdə teatr prosesinin bədxahları rolunu oynamağı əsl missiyasından üstün tutanları da bu yeniliklər biganə qoymayacaq. Ümid edək ki, sağlam rəqabət hissi hər halda bərqərar olacaq. Bu ümidin boşa çıxmamasına zəmin ola biləcək təzahür isə yeni yaradıcı heyət tərəfindən yeni tamaşaların məşqlərinin artıq başlamasıdı. Onların sırasında neçə illərdən bəri Moskva və Sankt-Peterburq kimi mədəniyyət mərkəzlərində fəaliyyət göstərən teatr rejissoru Ərşad Ələkbərovun teatrın səhnəsində baş rolda Fuad Poladov olmaqla E.Şmidtin "Müsyö İbrahim və Quran çiçəyi" əsərinə quruluş verməsini, Türkiyədə pedaqoji fəaliyyətlə məşğul olan Cahangir Novruzovun A.P.Çexovun "Qu quşunun son nəğməsi" əsərini hazırlamasını, Mikayıl Mikayılovun N.V.Qoqolun "Müfəttiş" komediyasını tamaşaya qoymağa hazırlaşmasını göstərmək olar. Bundan başqa, teatrın yeni mövsüm üçün nəzərdə tutulan repertuarında Elçinin "Cəhənnəm sakinləri" (Fəxrəddin Manafovun iştirakı ilə), Q.Qorinin "Herostratı unudun" (Mehriban Ələkbərzadənin quruluşunda), Afaq Məsudun "Kərbəla" (İrandan dəvət ediləcək rejissorun quruluşunda ), Sofoklun "Antiqona" və L.N.Tolstoyun "Hacı Murad" kimi əsərlər də var.
İ. İsrafilov onu da qeyd etdi ki, iyunun 12-dən 28-dək paytaxtda baş tutan I Avropa Oyunlarının sayəsində dünya teatr ictimaiyyətinin də ölkəmizə marağı yeni vüsət qazanıb. Əməkdaşlıq qurulan teatrlardan biri Makedoniya teatrıdır. Bundan əlavə, İngiltərənin çox qədim ənənəyə malik olan "Qlobus" teatrı V.Şekspirin 450 illik yubileyi münasibətilə tərtib etdiyi turne marşrutunda Qafqaz regionu üzrə ilk dayanacaq kimi məhz bizim məkanı seçib. Şekspirdən söz düşmüşkən, İ.İsrafilovun bildirdiyinə görə, teatrın nəzərdə tutulan layihələrindən biri F.Manafovun iştirakı ilə dahi dramaturqun qələminə bir daha müraciət etməkdən ibarət olacaq.
Samirə Behbudqızı
Milli.Az