Yaponiya hökuməti girovların azad olunması istiqamətində səylərini davam etdirir

Yaponiya hökuməti girovların azad olunması istiqamətində səylərini davam etdirir
17:38 24 Yanvar 2015
90 Dünya
Ölkə mətbuatı
A- A+


Tokio, 24 yanvar, AzərTAc
Yaponiya hökuməti İŞİD yaraqlıları tərəfindən girov götürülmüş iki Yaponiya vətəndaşının azad olunması istiqamətində səylərini davam etdirir.
Yaponiya hökumətinin nümayəndələri bu məsələ ilə bağlı İordaniya, Türkiyə və regionun digər ölkələri ilə əməkdaşlıq edirlər.
Xarici işlər nazirinin müavini Yasuhide Nakayama bildirib ki, girovların azad edilməsi üçün müvafiq rəsmi şəxslər əldə olunmuş bütün informasiyaların təhlili ilə məşğuldurlar.
Y.Nakayama girovların azad edilməsi ilə bağlı Yaponiya hökumətinin nümayəndələrinin daxil olduğu və hazırda Əmmanda fəaliyyət göstərən xüsusi qrupun rəhbəridir. Yanvarın 23-də axşam saatlarında jurnalistlər qarşısında çıxış edən Y.Nakayama yaranmış böhrandan çıxmaq üçün çalışan qrupun qarşılaşdığı çətinliklər barədə məlumat verib. Qeyd edib ki, girovlarla əlaqədar qrup tərəfindən əldə olunan hər bir informasiya xüsusi əhəmiyyətə malikdir.
Nazir müavini vurğulayıb ki, qrupun üzvləri əldə olunan bütün məlumatları ciddi şəkildə təhlil edirlər və girovlar azad edilib Yaponiyaya qaytarılmayanadək bu istiqamətdə yorulmadan çalışacaqlar.
Xəbər verdiyimiz kimi, özünü İŞİD qruplaşmasının nümayəndəsi kimi təqdim edən şəxs Yaponiya hökuməti 72 saat ərzində 200 milyon dollar ödəməyəcəyi təqdirdə iki yapon girovun qətlə yetiriləcəyi barədə videonu bu təşkilata yaxın olan saytlardan birində yerləşdirib.
Yaponiya hökuməti belə hesab edir ki, yaraqlıların verdiyi ultimatumun müddəti yanvarın 23-də yerli vaxtla saat 14:50-də başa çatıb. Artıq qeyd edilən müddətdən kifayət qədər vaxt keçməsinə baxmayaraq, İŞİD yaraqlılarından heç bir məlumat daxil olmayıb.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR