Bakı, 25 iyul, Samirə Quliyeva, AZƏRTAC
2015-ci ilin birinci yarısında Azərbaycanda toplanmış sığorta haqlarının 27,2 faizi və yaxud 65,9 milyon manatı həyat sığortasının payına düşüb.
Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov AZƏRTAC-a bildirib.
Qeyd edilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 17,5 faiz böyüyüb. Həyat sığortasındakı yığımların təxminən 56,3 faizi və ya 37,1 milyon manatı həyatın yaşam sığortasının, 31,9 faizi və ya 21 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 11,5 faizi və ya 7,6 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 0,3 faizi və ya 162,2 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
Yarım il ərzində həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə 30,6 milyon manat təşkil edib. Bu isə ümumi ödənişlərin 33,3 faizini təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 8,8 dəfə çoxdur.
Həyat sığortası üzrə ödənişlərin təxminən 90,5 faizi və ya 27,7 milyon manatı həyatın yaşam sığortasının, 5,8 faizi və ya 1,8 milyon manatı həyatın ölüm halından sığortasının, 3,7 faizi və ya 1,5 milyon manatı isə istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb. Sağalmaz xəstəliklərdən sığorta üzrə ödəniş isə olmayıb.
Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 46,5 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu rəqəm 6,2 manat olub.