Bakı, 25 iyul, AZƏRTAC
Altı ayda Azərbaycanda toplanmış sığorta haqlarının 176,5 milyon manatı və ya 72,8 faizi qeyri-həyat sığortasının payına düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov qeyd edib ki, 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 13,2 faiz böyüyüb. Qeyri-həyat sığortası üzrə yığımların 23,8 faizi və ya 42 milyon manatı tibbi sığortanın, 20,4 faizi və ya 36,1 milyon manatı avtomobillərin icbari sığortasının, 10,3 faizi və ya 18,2 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, 9,4 faizi və ya 16,6 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 8,9 faizi və ya 15,7 milyon manatı kasko sığortasının, qalan 27,2 faizi və ya 48 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
Yarım ildə sığorta ödənişlərinin 66,7 faizini və ya 61,5 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz azdır. Qeyri-həyat sığortası üzrə ödənişlərin 39,6 faizi və ya 24,3 milyon manatı tibbi sığortanın, 25 faizi və ya 15,4 milyon manatı avtomobillərin icbari sığortasının, 19,8 faizi və ya 12,2 milyon manatı kasko sığortasının, qalan 15,6 faizi və ya 9,6 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 34,8 manatı ödəniş edilib. 2014-cü ilin yanvar-iyun aylarında bu rəqəm 39,7 manat olub.