Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (37-ci say) təqdim edir.

"Həftəbecər" müəllif layihəsi olduğundan oxucu şərhi mənimçün ikiqat önəmlidir. Şərh yazan hər kəsə təşəkkürümü bildirirəm. Əmin ola bilərsiniz ki, bütün şərhləri oxuyuram.

"Qaynana" filmində rəhmətlik Cənnət xala (Nəsibə Zeynalova) deyir ki, həyətdə it-pişik az idi, biri də çamadandan çıxdı? İndi buranın özünü burcudan gədələri azmış kimi biri də Bolqarıstandan təyyarəylə gəlib. Adını da təzəlikcə öyrənmişəm - Azis. Amma di gəl ki, şəhərin yarısı tökülüşüb gedib bu canıyanmışın konsertinə. Heç adlı-sanlı sənətçilərimiz də məşhur bolqar "mavi"ni tək qoymayıblar. Məsələn, xalq artisti Aygün Kazımova deyib ki, bu əziz gündə Azisi tək qoymaq kişilikdən deyil. O da konsertdəymiş. Yeri gəlmişkən, əgər hələ də Bakıdadırsa, Hafiz Hacıyev "kislota"sını da götürüb Azisin yanına gedə bilər. Çünki Bakıya şortiklə gəlmişdi. Əgər partiya sədri Azisin ayaqlarını "kislota"lamayıbsa, deməli, dostlaşıblar.

Müğənni Samirə Allahverdi (Samira) yerli sənət nümayəndələri arasında heç bir tanışlığım olmayan və eyni zamanda böyük simpatiya bəslədiyim şəxslərdəndir. Bütün qalmaqallardan uzaq, sakit, təmkinli, sənəti olan biridir. Ancaq deyəsən, o da "şəxsi həyat xalqa nümayiş etdirilməsə, sənətkar olmaq mümkün deyil" prinsipini işə salıb. Lady Day.Az-a müsahibə verib, şəxsi həyatından danışıb. Bəli, əsas şəxsi həyatdır...

Adətən Təranə Qumral və Nazənin söhbətini axıra saxlayıram. İstəyirəm ki, bir az intizarda qalasınız. Təranə Qumral həyat yoldaşı Musa Musayevlə fotolarını paylaşıb. Saytlar da bu fotoları "Təranə yataqdan fotolarını yaydı" tipli başlıqlarla tirajlayıblar. Nə gözəl. Bəziləri də deyiblər ki, düz eləmirsiz, ayıbdır.
Sonra hər ikisi müsahibə verib. O müsahibədə bir yer diqqətimi xüsusilə çəkdi. Təranə Qumralın dediklərindən:
"Mən hər şeyi Allahın yanında udmuşam. İnsan nə qədər alçaldıqca alçalar? Nə qədər batdıqca batar? Özünə hörmət edən qadın necə deyə bilər ki, mənim ərim başqasına yazdı, başqasını sevdi, başqasına baxdı? Necə ola bilər axı bu? Deməli, sənin özündə olmayanlar başqasında var. Evindəki səni saymırsa, gözü orda-burdadırsa, niyə qıcıqlanırsan? Mən müğənniyəm, gündə mənə 50 mesaj gəlir. Mən nə edə bilərəm? Hərənin ağlına nə gəlir, yazır, əsas mənim cavablarımdır. Axşam hüquqlarımı müdafiə edən vəkilim mənə xoş sözlər yazıb. Deyirəm, ay Vüqar, indi o mesajları da intim mesajlar adı ilə "sırıyarlar". Vəziyyət çox xarab olub. (gülür)"

"Deməli, sənin özündə olmayanlar başqasında var". Bax, bu cümləni mənə kim izah edə bilər? Məsələn, 2001-ci ilin "VAZ 2106" maşınları 5 "skorost"ludur, amma ondan 3-4 il əvvəl çıxanlarda cəmi 4 "skorost" var. Nəticədə hər ikisi "Jiquli"dir. Lakin "Jiquli" minmək istəyən, bu maşına həvəs göstərən hamı istəyər ki, 5 "skorost"lusunu minsin. Bu, vəziyyətin avtomobillə bağlı izahıdır. Bəs Nazənin-Təranə söhbətində "sənin özündə olmayanlar başqasında var" cümləsi hansı anlama gəlir, onu başa düşə bilmirəm. İmkan olsa, özünüz şərh edərsiniz.

Sitatda diqqətimi çəkən ikinci cümlə hüquqşünas Vüqar Səfərlinin Təranə xanıma yazdığı mesajla bağlı oldu. Maraqlıdır, Vüqar nə yazıb ki, həmin cümlələri intim mesaj kimi "sırımaq" olar? Çox maraqlıdır, Vüqar müəllim.

İnanın səmimiyyətimə ki, bu Telli Borçalı sevgidən, ərə getməkdən danışanda noutbuku yerə qoyub həyətdə bir "kruq" vurub, təzədən qayıdıram yazımın davamını işləməyə. O gün yenə hansısa verilişdə sevgidən danışıb. Bir dəfə qatarla hansısa rayona getməliydim, bilet də almışdım. Qatara gecikdim, gecəni vağzalda qalası oldum, səhərə kimi qatar, maşinist, dəmir yolu haqda danışmışam vağzal nəzarətçisiylə. Axırda nəzarətçi dözmədi və dedi ki, qardaş, sənin qatarın gedib e, əlindəki bilet adi kağız parçasıdır. Yəni, indidən sonra nə qədər danışsan da, xeyri yoxdur. Heç bilmədim bu qatar söhbətinin Telliyə nə dəxli var idi?

Müğənni Rəqsanənin qızı Aysun azca qala seriala çəkiləcəkmiş. Obraz tərbiyəsiz olduğundan imtina edib. Hörmətli rejissorlar, başa düşürəm ki, sizə göstəriş verməyə haqqım yoxdur. Amma zəhmət olmasa, bundan sonra Aysun xanıma tərbiyəli obrazlar, rollar həvalə edin. Çünki tərbiyəli obrazı oynaya bilər.

Lalə Dadaşova bir verilişdə demişdi ki, əməkdar artist Mehriban Xanlarova onun gəlini olub, sonra oğluyla ayrılıblar. Söhbətin üstündən xeyli keçəndən sonra Mehriban xanım deyib ki, ərimlə qaynanama görə ayrılmışam. Lalə xanım da deyib ki, oradakı qaynana mən deyiləm. Belə çıxır ki, Xanlarova ya bu "hadisədən" əvvəl, ya da sonra yenə ailə qurubmuş.

Deyəsən, çox danışdım hə? Onda di salamat qalın.

Milli.Az