Bakı, 10 avqust, AZƏRTAC
2014-2015-ci tədris ilində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təlim, tədris və sertifikatlaşdırma idarəsinin kadr hazırlığının təşkili mərkəzini bitirən şagirdlər yekun peşə sınaq imtahanı veriblər. İmtahanın nəticəsinə görə 15 nəfərin hər biri yüksək nəticələr göstərərək müvəffəqiyyət qazanıblar.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, imtahan komissiyasının tərkibində sifarişçi müəssisələrin yüksək ixtisaslı mütəxəssisləri ilə yanaşı şirkətin insan resursları departamentinin nümayəndələri də təmsil olunublar.
Ötən il test üsulu ilə keçirilən imtahan nəticəsində mərkəzə qəbul olunmuş 15 gənc “Avtomobil təmiri çilingəri” və “Defektoskopçu” ixtisasları üzrə 10 ay müddətində nəzəri, praktiki və istehsalat təcrübəsinə cəlb edilib. İki mərhələdən ibarət təhsil prosesi zamanı şagirdlər nəzəri biliklərlə yanaşı, öyrəndiklərini praktikada və istehsalatda geniş tətbiq ediblər. Şagirdlərə əməyin mühafizəsi və təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, yanğın texniki minimumu, ingilis dili, texniki rəsmxətt, ilkin tibbi yardım, kompyuter texnologiyasının əsasları, elektrik təhlükəsizliyi, Azərbaycan qanunvericiliyinin əsasları, fiziki tərbiyə ixtisasları tədris olunub. Əvvəlki illərdən fərqli olaraq bu ildə praktiki dərslərin 20 faizi istehsalat müəssisələrində keçirilib. Praktiki hissəni bitirdikdən sonra şagirdlər test üsulu ilə nəzəri və praktiki imtahan verərək istehsalat təcrübəsinə göndərilib, müsbət qiymət almış tələbələr yekun sınaq imtahanına buraxılıblar.