Bakı, 18 avqust, AZƏRTAC
"British Council" və "PAŞA Bank" jurnalistlər üçün biznes jurnalistikası sahəsində təlim proqramının davamını elan edib.
"British Council"dan AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə milli mətbuatda professional bilik və səriştənin artırılmasına kömək etməkdir.
Layihə Böyük Britaniyanın 100-dən artıq ölkədə fəaliyyət göstərən, Avropanın ən böyük media təşkilatlarından biri sayılan və mətbuatda ən yüksək etik, peşəkar standartları dəstəkləyərək müxtəlif ölkələrdən minlərlə jurnalistlərin bir çox kütləvi media vasitələrinin yaradılmasına imkan yaradan Thomson Fondunun təşkilati dəstəyi ilə həyata keçiriləcək. Layihə çərçivəsində 10 seçilmiş iştirakçıya media sahəsində xüsusi tərtib olunmuş təlim proqramının keçirilməsi, eləcə də fəal və tam davamiyyəti olan jurnalistlərin Böyük Britaniyaya təlim səfəri nəzərdə tutulub. Səfər zamanı tanınmış qəzet və jurnal, eləcə də digər media müəssisələrində qabaqcıl jurnalistlərlə görüşlər təşkil olunacaq.
Maraqlananlar ətraflı məlumat üçün "British Council"a müraciət edə bilərlər.