Bakı, 20 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” idarəsinin Abşeron, Astara və Hacıqabul magistral qaz kəmərləri sahələrindən 159,14 kubmetr həcmində kondensat “Azneft” İstehsalat Birliyinə təhvil verilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ilin əvvəlindən başlayaraq “Qaz İxrac” idarəsinin Abşeron, Hacıqabul, Astara, Ağdaş, Siyəzən, Ağdam və Qazax magistral qaz kəmərləri sahələrində əmək şəraitinin vəziyyəti mütəmadi olaraq yoxlanılıb, yerlərdə əməyin mühafizəsi, ekologiya və standartların idarə edilməsi sahələri üzrə görülmüş işlər müzakirə edilib. Keçirilən müşavirələrdə magistral qaz kəmərləri sahələrində bu sahədə həyata keçirilmiş işlər haqqında hesabatlar dinlənilib, görülmüş işlər, qarşıda duran duran vəzifələr barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, magistral qaz kəmərləri sahələrində ətraf mühitin qorunması istiqamətində bir çox işlər görülüb, yerlərdə iməciliklər keçirilib və indiyədək 3 min 600-ə yaxın müxtəlif növ ağac və gül kolları əkilib. Həmçinin, Abşeron, Astara və Hacıqabul magistral qaz kəmərləri sahələrində 159,14 kubmetr həcmində kondensat “Azneft” İB-yə təhvil verilib. Abşeron magistral qaz kəmərləri sahəsi öz fəaliyyətini ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standartların tələbləri səviyyəsində qura bilib. Beynəlxalq idarəetmə standartlarının Ağdam və Siyəzən magistral qaz kəmərləri sahələrində də tətbiqi məqsədilə hazırlıq işləri aparılıb və maarifləndirmə xarakterli daxili auditlər keçirilib. Beynəlxalq standartların tələblərinə müvafiq olaraq, tətbiq olunan standartlar üzrə əl kitabı, prosedurlar, təlimatlar, proseslər, formalar və sair köməkçi sənədlərin sahələrdə tətbiqi həyata keçirilib. Magistral qaz kəmərləri sahələrində qarşıda duran məqsədlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün hər üç standart üzrə hazırlanmış prosedurlar aidiyyəti üzrə işçilərə paylanılıb. Qaz kəmərləri sahələrində çalışanlar normalara uyğun olaraq xüsusi geyim, ayaqqabı, və digər vasitələrlə təmin edilib, onların sağlamlığının qorunması və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə dövri tibbi müayinələr aparılıb.
Müşavirələrdə görülmüş işlərlə yanaşı, bəzi nöqsanların da mövcud olduğu qeyd edilib və onların aradan qaldırılması üçün tövsiyələr verilib.