İnsan oğlu özünü dərk etdiyi zamandan cəmiyyətdə əməlləri ilə tanınmağa başlayır. Tanrı bəzisinə adi həyat, bəzisinə isə dahilik, ucalıq bəxş edir. Əslində isə hər bir insan öz ağlının imkanları daxilində ucala bilir. Böyük ingilis alimi İsak Nyutondan dahiliyinin səbəbini soruşan zaman cavabı belə olur: "Mən ona görə dahiyəm ki, özümdən öncəki dahilərin çiyinləri üzərində dayanmışam". Bəli, insan, həqiqətən də, öz soy-kökünün, öz el-obasının möhkəm təməlləri üzərindən ucalırsa, daha böyük, daha uca görsənir. Belə insanlar, gerçəkdən də, böyük məhəbbət sahibi olan insanlardır.

Məlumdur ki, hər bir insan üçün ucalığın, inkişafın stimulları da müxtəlif ola bilər. Təbii ki, bu stimullar subyekdən, şəraitdən hədəfdən asılı olaraq dəyişir. Əgər hədəf kamillik zirvəsinə gedən yol olarsa, burada ancaq və ancaq insanın mənəvi dünyasının görüntülərindən - sevgidən, eşqdən, məhəbbətdən və xəyal sürətindən söhbət gedə bilər. Yəni insan hər zaman vahidliyə, bütövlüyə yetmək eşqi ilə yaşamalıdır. Qədim yunan filosofu Platon qeyd edir ki, insan nə zamansa vahid bir varlıq olmuş, sonra isə Tanrının qəzəbinə tuş gələrək ikiyə bölünmüşdür və daim bir-birini axtarırlar. Onlar nə zaman ki bir-birini tapıb birləşə bilir, o zaman insan kamil, uca, xoşbəxt insan olur.

Bu xoşbəxt insanlardan biri də bu gün ömrünün 61-ci ilinə qədəm basan, insanlığın, mənəviyyatın, kamilliyin zirvəsinə doğru yol gedən hamımızın dostu, əzizi Ramiz Göyüşovdur. Ramiz müəllimin ömür yoluna nəzər salsaq, görərik ki, o, həyat yolu möhkəm təməllər üzərində qurulmuş, mənəvi dünyası zəngin, eşqi saf, ruhu dərin, etibarı möhkəm insanlardandır. Ramiz müəllimi tanımaq üçün heç də onun şərəfli ömür yolunun avtobioqrafiyasına baxmağa lüzüm yoxdur. Çünki Ramiz müəllim hər gün, hər an insanlara daha doğma, daha yaxın olaraq daha dərindən tanınır. Ramiz müəllim siyasət insanı kimi, dövlətçiliyə sadiq məmur kimi daim böyük əzmlə, tükənməz güclə öhdəsinə düşən işləri şərəflə yerinə yetirir. Bu da onun mənəvi dünyasının ruhsal dərinliyindən, kamilləşmək yolunun güclü təkanverici qüvvəsi olan eşqinin ucalığından doğur. İnsan olaraq Ramiz müəllimlə həmsöhbət olarkən özündən qeyri-ixtiyari, sanki, fərqli bir dünyaya qonaq olursan. Bu dünyanın qonağı olarkən isə işıq sürəti ilə bütün incəliklərə vararaq burada daha çox qalmaq istəyirsən. Çünki Ramiz müəllimin ruh dünyasında, eşq aləmində hər şey Göyəzən əzəmətlidir. Buna görə də söhbət zamanı insan özünü Göyəzənin zirvəsində hiss edərək, ucu-bucağı görsənməyən gözəlliklərə tamaşa edir. Budur Ramiz müəllimin böyüklüyü...

Doğum günü münasibətilə dağ əzəmətli, səbrli, təmkinli, mükəmməl kristal saflıqlı, qeyrətli, şərəfli ömür yaşayan Ramiz müəllimi səmimi qəlbdən təbrik edirəm. Ailə səadəti, xoşbəxtlik daim ən yaxın təqibçiniz olsun! Sizə bundan sonra da Tanrının bəxş etdiyi ömür yolunda uğurlar, başarılar, eşq, ruh yüksəkliyi arzulayıram. Ulu öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsində, gənc nəslin təlim tərbiyəsində sonsuz enerji və güc diləyirəm.
Böyük hədəfə - kamilliyə gedən yolda Tanrı özü köməyiniz olsun, hörmətli Ramiz müəllim!

Yusif Alıyev
Fəlsəfə doktoru