Bu gün Azərbaycan çempionatının I divizionunda püşkatma mərasimi keçirilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, AFFA-nın konfrans zalında keçirilən tədbirdən sonra çempionatda iştirak edən 14 komandanın ilk turda qarşılaşacağı rəqiblərin kimliyinə aydınlıq gəlib.

Bu tədbirdə PFL prezidenti Ramin Musayev də fikirlərini bildirib:

"Ötən mövsüm 1-ci dəstə maraq baxımından, heç də Premyer Liqadan geri qalmadı. Bu il çempionat təəssüf ki, 14 komanda ilə keçiriləcək. Bu, mənim günahım deyil. Bizim elə bir büdcəmiz yoxdu ki, çempionatda iştirakını yarımçıq qoyan komandanın xərclərini ödəyək. Lakin indi PFL-də maliyyə problemləri var. Çempionat bu il FİFA tərəfindən təsdiqlənmiş topla keçirilir. Çalışacağıq ki, keyfiyyətli və ucuz top tapa bilək. Əgər dediyimiz topları tapa bilməsək, gərək klublar özləri top tapsın. Ötən il mətbuatda oyun alqı-satqısı haqda xəbərlər yayılırdı. Matçın gedişində mətbuatın dedikləri təsdiqini tapdı. Əgər danışılmış oyun olsa, biz həmin komandalara gələcəkdə öz hakimlərimizlə müdaxilə edəcəyik.

Kişi kimi futbol oynamaq lazımdı. Sonra hamı bizi günahlandırır, amma biz bunu sübut edə bilmirik. Hakimə olunan etirazları dəstəkləyirəm, amma oyun alqı-satqısı kişilik deyil.
"Neftçala"nın bu il Premyer Liqaya çıxmasında klub nümayəndələrinin də, bizim də səhvimiz var. Söz verirəm ki, əgər hər şey qaydasında olsa, 1-ci yerin sahibi Premyer Liqada iştirak edəcək.
Bu il "lipa"ların qarşısını almaq üçün şəxsiyyət vəsiqəsi kimi bir şey düzəltmişik. Burada futbolçuların şəkilləri olacaq və bunu istəsələr belə, heç kim dəyişə bilməyəcək.
"Şuşa Qarabağ" üçün heç cür sponsor tapa bilmədik. Bu komandanı mən yaratmışam. 3 il ərzində komandaya çox dəstək olduq. Amma komandanın oyununa heç bir şuşalı azarkeş də gəlmədi".

Milli.Az