Səlim Müslümov: Azərbaycanın əmək və məşğulluq siyasəti G20 qrupu tərəfindən maraqla qarşılanıb

Səlim Müslümov: Azərbaycanın əmək və məşğulluq siyasəti G20 qrupu tərəfindən maraqla qarşılanıb
15:03 4 Sentyabr 2015
62 Ölkə
Ölkə mətbuatı
A- A+


Ankara, 4 sentyabr, AZƏRTAC
Türkiyə Respublikasının sədrliyi ilə fəaliyyət göstərən G20 qrupuna üzv olan və dəvət edilən ölkələrin əmək və məşğulluq nazirlərinin iki günlük toplantısı sentyabrın 4-də Ankara Bəyannaməsinin qəbul edilməsi ilə başa çatıb.
Azərbaycanın G20 qrupunda xüsusi statuslu qonaq kimi iştirak etməsinin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığına diqqət çəkən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov AZƏRTAC-a müsahibəsində bildirib ki, G20 qrupunda təmsilçilik Azərbaycana ilk növbədə təcrübə mübadiləsi üçün geniş şərait yaradır. Bu toplantıda dünya əmək bazarının, əhali məşğulluğunun, işçı qüvvəsinin formalaşması və sərbəst hərəkəti, sosial müdafiənin təşkilindəki mövcud problemlər və onların həll yolları müzakirə olundu. Məşğulluq proqramları, əmək şəraitinin yaxşılaşdırılması və əmək gəlirlərinin artırılması məsələləri toplantının qəbul etdiyi Ankara Bəyannaməsində öz əksini tapdı.
Müzakirələrin əsasən üç məsələ ətrafında getdiyini qeydə edən nazir deyib: “Mövzulardan birincisi heç bir fərq qoymadan işçi qüvvəsinin sərbəst yerdəyişməsi, hər yerdə işçilərin maneəsiz iş yerlərinə sahib olmasına şəraitin yaradılması, ikincisi, işçi qüvvəsinə sərmayələrin qoyulması, yəni insanların ümumi və peşə təhsilinin yüksəldilməsi və birbaşa iş yerlərinə yönəldilməsi, sonuncu isə bu məsələlərin real icra mexanizmlərinin müəyyənləşdirilməsi idi. Bu istiqamətlərdə Azərbaycanın əldə etdiyi təcrübə və real nəticələr, o cümlədən perspektivdə olan müştərək layihələr iştirakçılar tərəfindən maraqla qarşılandı”.
Xatırladaq ki, Türkiyənin sədrliyi ilə G20 qrupunun ayrı-ayrı sahələri əhatə edən toplantıları G20-nin dövlət başçılarının bu ilin noyabrında Antalya şəhərində keçirilməsi nəzərdə tutulan Zirvə görüşünə hazırlıq məqsədi daşıyır.
Türkiyədən sonra G20-yə Çin Xalq Respublikası sədrlik edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Selim_Muslumov_Azerbaycanin_emek_ve_mesgulluq_siyaseti_G20_qrupu_terefinden_maraqla_qarsilanib-882038

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR