Şahmat üzrə dünya kubokunun tərəfdaş şirkətləri ilə müqavilə imzalanıb

Şahmat üzrə dünya kubokunun tərəfdaş şirkətləri ilə müqavilə imzalanıb
16:03 5 Sentyabr 2015
45 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 5 sentyabr, Samirə Allahverdiyeva, AZƏRTAC
Bakıda keçiriləcək şahmat üzrə dünya kubokunun tərəfdaş şirkətləri ilə sentyabrın 5-də müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, imzalanma mərasimində Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov mötəbər yarışa hazırlıqla bağlı məlumat verib, ölkəmizdə şahmatın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda uğurlarından söz açan M.Məmmədov təmsilçilərimizin dünyada liderlər sırasında olduqlarını vurğulayıb. O bildirib ki, dünya kubokunda 45 ölkədən 128 şahmatçı yarışacaq. Yarışın finalçıları iddiaçilar turnirinə vəsiqə qazanacaqlar.
Sonra Azərbaycan Şahmat Federasiyası ilə bir sıra şirkətlər arasında tərəfdaşlığa dair müqavilələr imzalanıb. Müqavilələri Azərbaycan Şahmat Federasiyası tərəfdən M.Məmmədov imzalayıb.
Daha sonra Mahir Məmmədov və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov jurnalistlərin suallarını cavablandırıblar.
Bildirilib ki, dünya kubokunda ölkəmizi 6 şahmatçı – beynəlxalq qrossmeysterlər Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Vasif Durarbəyli təmsil edəcək. Bu mötəbər turnirin ölkəmizdə keçirilməsi şahmatçılarımız üçün məsuliyyətli və çətindir. Azərbaycanda keçirilmiş yarışlarda yalnız mərhum Vüqar Həşimov qalib olub. Şahmatçılarımızın məqsədi qələbə qazanmaqdır.
Vitse-prezident, həmçinin dünya kubokunda Ermənistanın 4 təmsilçisinin mübarizə aparacağını vurğulayıb. O bildirib ki, Levon Aronyan, Qabriel Sarkisyan, Samvel Ter-Sahakyan və Qrant Melkumyandan əlavə, ABŞ-ı təmsil edən Samuel Sevyan və Varujan Akobyan da yarışa qatılacaqlar. Onların təhlükəsizliyi yüksək səviyyədə təmin ediləcək.
Qeyd edək ki, Dünya Kubokunun açılış mərasimi sentyabrın 10-da Bakı Muğam Mərkəzində olacaq. Yarış Olimpiya sistemi üzrə keçiriləcək. Turnirin qalibi oktyabrın 5-də müəyyənləşəcək. Dünya kubokunun ümumi mükafat fondu 1,6 milyon ABŞ dollarıdır.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sahmat_uzre_dunya_kubokunun_terefdas_sirketleri_ile_muqavile_imzalanib-882311

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR