Kuala-Lumpur, 6 sentyabr, AZƏRTAC
Malayziya Hava Yollarına məxsus itmiş “Boeinge-777” sərnişin təyyarəsinin axtarışı rayonu, Hind okeanındakı Reyunyon adasında aşkar edilmiş təyyarə qanadı parçasına baxmayaraq, dəyişdirilməyəcək.
Bu barədə BERNAMA informasiya agentliyinə müsahibəsində Malayziya nəqliyyat nazirinin müavini Abdul Aziz Kapravi məlumat verib.
A.A.Kapravi deyib: “İtmiş “Boeinge”-ə məxsus olduğu dəqiqləşdirilmiş flaperon da axtarışların düzgün istiqamətdə aparıldığını təsdiqləyir. Buna görə də Afrikanın şərqində - Mavrikiya, Madaqaskar və Maldiv adaları rayonunda axtarış əməliyyatı aparılmayacaq”.
Bununla yanaşı, nazir müavini qeyd edib ki, cari ayda planlaşdırılan görüş zamanı axtarışın sonrakı mərhələsi - detalların və rayonun dəqiqləşdirilməsi ilə bağlı Avstraliya, Çin və Malayziyanın müvafiq qurumlarının rəhbərləri ilə müzakirələr aparılacaq.
Avstraliyanın qərbində yerləşən ümumi axtarış zonası 120 min kvadratkilometr təşkil edir. Hazırda bu ərazinin yarısı tədqiq olunub. Axtarış əməliyyatlarında iki gəmi - “Fugro Equator” və “Fugro Discovery” iştirak edir. Eyni zamanda, axtarışların davam etdiyi cənub yarımkürəsində yazın gəlməsi və havaların yaxşılaşması ilə əlaqədar əməliyyata yeni gəmilərin qoşulması da gözlənilir.
Xatırladaq ki, Kuala-Lumpurdan Pekinə uçan “Boeinge-777” sərnişin təyyarəsi ötən il martın 8-nə keçən gecə radarların ekranlarından itib. Axtarışlar əvvəlcə Cənub-Çin dənizində və Malakka körfəzində aparılıb. Lakin bir müddət sonra Malayziyanın Baş naziri Nacib Razak Böyük Britaniyanın “İmmarsat” şirkətinin rabitə peykinin məlumatlarına əsasən təyyarənin öz uçuşunu Hind okeanının cənub hissəsində başa çatdırdığını bildirib. Bu il yanvarın sonlarında isə Malayziya hakimiyyət orqanları təyyarənin qəzaya uğradığını və onun göyərtəsindəkilərin hamısının həlak olduğu faktını etiraf edib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur