Azərbaycan kəndinə oğrular daraşıb

Azərbaycan kəndinə oğrular daraşıb
21:37 6 Sentyabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

"Ev oğrularının əlindən bütün kəndin yuxusu ərşə çəkilib." 
Milli.Az anspress-ə istinadən bildirir ki, bunu Masallı rayonunun Böyük Kolatan kənd sakini, 2 həftə öncə evi oğurlanan Cəfərova Şəlalə Mətləb qızı deyib.

40 yaşlı qadın bildirir ki, bu il avqustun 22-də gündüz saat təqribən 15 radələrində evinə oğru dəstəsi girib. Oğrular evə evin arxa pəncərəsini sındıraraq daxil olub, vəzndə yüngül, qiymətdə ağır nə varsa aparıb. Ev sahibəsinin dediyinə görə, mənzildən 5 min ABŞ dolları, 2 min 500 Azərbaycan manatı, 49 min rus rublu, 45 min manat dəyərində qızıl və briliant zinət əşyaları oğurlanıb. 

Şəlalə xanımın iddiasına görə, oğrular evə girməmişdən əvvəl yaşayış olmayan qonşu həyətdən onları izləyərək əlverişli məqam axtarıblar və fürsət tapan kimi çirkin əməllərini həyata keçiriblər. Hadisə yerinə dərhal Masallı rayon polis şöbəsinin əməliyyat istintaq qrupu gəlib və tədqiqat aparıb. Amma hələ ki,oğrulardan saxlanılan yoxdur. 

Şəlalə Cəfərova iddia edir ki, son aylarda yaşadıqları kənddə ondan artıq oğurluq hadisəsi baş verdiyindən, indi bu narahatlıq bütün kənd sakinlərinə sirayət edib.

ANS PRESS-in bölgə müxbiri məsələ ilə bağlı Masallı rayon polis şöbəsinin rəsmiləri ilə əlaqə saxlayıb. İstintaq bölməsinin rəisi Elçin Fərəcov faktla bağlı cinayət işinin başlandığını, hələlik saxlanılan olmadığını bildirib. Bölmə rəisi həmin kənddə və umumilikdə rayon ərazisində bir neçə evdə oğurluqların baş verdiyini təsdiqləyib və üstünü açmaq istiqamətində əməlliyyat tədbirlərinin davamlı aparıldığını deyib.

Xatırladaq ki, bu ilin əvvəlində - dəqiq desək, yanvar ayının 25-də oğrular rayonun Ərkivan qəsəbə sakini, 44 yaşlı İlqar Məmmədovun evinə daxil olaraq ona və həyat yoldaşı 36 yaşlı Qərənfilə küt alətlərlə bədən xəsarətləri yetirərək pul və qızıl zinət əşyaları tələb etmişdilər. Aradan 7 aydan çox vaxt keçsə də, hələ ki, bu işin də üstü açılmamış qalıb.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/367402.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR