x
Loading...

Azərbaycan Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatı memorandum imzaladılar (FOTO)

Azərbaycan Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatı memorandum imzaladılar (FOTO)
16:08 7 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+
.

Azərbaycan, Bakı, 7 sentyabr /Trend/

Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsində (DGK) Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriyanın rəhbərlik etdiyi nümayəndə heyətilə görüş keçirilib.

Xatırladaq ki, sentyabrın 8-10 tarixlərində Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PICARD (“Gömrük sahəsində akademik araşdırmalar və inkişaf uzrə əməkdaşlıq proqramı”) konfransı keçiriləcək. “Gülüstan” sarayında təşkil olunacaq konfransda 53 ölkədən 241 nümayəndə, 21 beynəlxalq və regional təşkilatın təmsilçisi, o cümlədən, 3 Nobel mükafatçısı iştirak edəcək.

DGK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 7-də konfrans iştirakçıları Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, eləcə də Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Sonra Dövlət Gömrük Komitəsində ÜGT baş katibinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

ÜGT-nin baş katibi ilə növbəti dəfə Bakıda görüşməkdən məmnun olduğunu vurğulayan DGK sədri Aydın Əliyev qeyd edib ki, qonağın budəfəki səfəri də əlamətdar hadisələrlə yaddaqalan olacaq. Sentyabrın 8-də Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PICARD konfransının işə başlayacağını diqqətə çatdıran A.Əliyev bildirib ki, bu gün isə Azərbaycan Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin Ümumdünya Gömrük Təşkilatının Regional Kinoloji Mərkəzi kimi istifadə edilməsinə dair Anlaşma Memorandumu imzalanacaq. Bu gün, eyni zamanda, ÜGT-nin Bakı şəhərindəki Regional Kinoloji Mərkəzinin rəsmi açılış mərasimi keçiriləcək ki, bu da ÜGT-nin Azərbaycan paytaxtında 3-cü regional strukturu olacaq.

Komitə sədri onu da vurğulayıb ki, elmin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir və ölkədə bütün sahələrdə olduğu kimi, gömrük sahəsində də elm, tədris və tədqiqat fəaliyyətinə xüsusi önəm verilir. Bakı şəhərində ötən ildən etibarən Dövlət Gömrük Komitəsinin Akademiyası fəaliyyət göstərir və hazırda bu ali təhsil ocağı üçün tələbə şəhərciyi salınır.

Bakı şəhərində PICARD konfransının səmərəli fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını da diqqətə çatdıran DGK sədri A.Əliyev konfransın nəticələrinin uğurlu olacağına və gömrük elminə öz töhfəsini əsirgəməyəcəyinə ümid etdiyini söyləyib.

ÜGT-nin baş katibi K.Mikuriya beynəlxalq əməkdaşlığın əsas istiqamətlərindən biri kimi Azərbaycanda gömrüyün modernləşdirilməsi və kadrların peşəkarlıq səviyyəsinin artırılması məsələlərinə xüsusi önəm verilməsindən razı qaldığını ifadə edib. Baş katib vurğulayıb ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə də gömrük xidməti işinə göstərdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirib.

K.Mikuriya qeyd edib ki, ÜGT-nin 10-cu illik PICARD konfransının Bakı şəhərində keçirilməsi həqiqətən mühüm hadisədir. Bu gün dünya gömrüyü öz fəaliyyətində peşəkarlığa və elmə əsaslanır ki, Bakı konfransı da bu sahədə çox dəyərli fikirlərin öyrənilməsində faydalı olacaq.

Görüş başa çatdıqdan sonra Azərbaycan Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatı arasında Azərbaycan Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin Ümumdünya Gömrük Təşkilatının Regional Kinoloji Mərkəzi kimi istifadə edilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri A.Əliyev və Ümumdünya Gömrük Təşkilatının baş katibi K.Mikuriya imzalayıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2430749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR