İnşa edilmiş tikililərin sənədləşməsi ilə bağlı məsələ Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında müzakirə olunub

16:38 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, AzərTAc 
Yanvarın 28-də Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında 2013-cü il yanvarın 1-dək və 2013-cü il yanvarın 1-dən sonra (Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra) inşa edilmiş tikililərin sənədləşməsi ilə bağlı məsələ müzakirə olunub.
Komitənin sədri Ziyad Səmədzadə bildirib ki, Mülki Məcəllənin 139-cu maddəsinə edilən əlavə və dəyişikliyə əsasən, 2013-cü il yanvarın 1-dək inşa edilən, hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismarına qəbul aktı olmalıdır. Layihədə bildirilir ki, həmin yaşayış binaları və çoxmənzilli binalara, qeyri-yaşayış binalarına müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismarına qəbul aktı verilməlidir.
Layihəyə əsasən, 2013-cü il yanvarın 1-dən sonra inşa edilən tikililərdə isə tikintisinə icazə tələb olunun tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi olmalıdır. Həmçinin məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd olmalıdır.
Sənəddə görə, 2009-cu il oktyabrın 1-dək dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi olmalıdır. Bundan başqa, 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr tələb edilir.
İclasın gündəliyində olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunlara təklif olunan düzəlişlər Mülki Məcəlləyə uyğunlaşdırma məqsədilə edilib.
Qeyd olunan dəyişikliklər komitə üzvləri tərəfindən yüksək qiymətləndirilib. Bildirilib ki, təklif olunan bu dəyişkiliklər minlərlə vətəndaşın qeydiyyatla bağlı əmlak problemlərinin həllinə şərait yaradacaq. Eyni zamanda, qanunvericilikdəki düzəlişlər bu sahədəki bürokratik əngəllərin aradan qaldırılmasına imkan verəcək.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Insa_edilmis_tikililerin_senedlesmesi_ile_bagli_mesele_Milli_Meclisin_iqtisadi_siyaset_komitesinin_iclasinda_muzakire_olunub-828079

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR