Bakı, 10 sentyabr, AZƏRTAC
Binə Atçılıq Mərkəzində arena polo üzrə birinci Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da çempionatın dördüncü turuna start veriləcək.
Yarışın bu mərhələsi açıq havada, ot örtüklü meydanda keçiriləcək.
Turun ilk görüşündə Azərbaycan və İsveçrə komandaları üz-üzə gələcək.
Günün digər görüşündə İtaliya yığması Almaniya seçməsi ilə qarşılaşacaq.
Turun son oyununda isə İrlandiya millisi İspaniya poloçuları ilə görüşəcək.
Ötən üç turda 3 qələbə qazanan Azərbaycan komandası 6 xalla turnir cədvəlində liderlik edir. İkinci pillədə İspaniya, üçüncü yerdə isə Almaniya komandası qərarlaşıb.
Avropa çempionatında bombardirlər siyahısına ötən üç oyunda 21 dəfə fərqlənən Azərbaycan komandasının üzvü Silvester Qarros başçılıq edir.
Altı turdan ibarət yarışda qalib komanda sentyabrın 12-də müəyyənləşəcək.