Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrını 14-dən “BakuBus” MMC-nin 5 nömrəli marşrut avtobusu fəaliyyətə başlayıb. Bununla əlaqədar olaraq mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeni 5 nömrəli marşrut avtobusunun hərəkət istiqaməti N.Nərimanov metro stansiyası–Təbriz küçəsi–Azadlıq prospekti–28 May metro stansiyası–Puşkin küçəsi–Azadlıq prospekti–Zərifə Əliyeva küçəsi–Ə.Yaqubov küçəsi–20-ci sahə olacaqdır. Bu səbəbdən mövcud xətt üzrə hərəkət edən 20 və 24 nömrəli marşrut avtobusları xətdən kənarlaşdırılacaq. Qeyd edək ki, “BakuBus” MMC-yə məxsus 5 nömrəli marşrut avtobusu 2 gün test rejimində 8 avtobusla fəaliyyət göstərib. Sabahdan etibarən isə 20-dən artıq avtobus mövcud marşrut xətti ilə fəaliyyət göstərəcək.
Yeni tədris ilinin başlanması ilə əlaqədar sərnişin sıxlığı nəzərə alınaraq yeni 5 nömrəli marşrut avtobusunun istiqaməti üzrə hazırda fəaliyyət göstərən 37 və 88 nömrəli marşrut avtobuslarının mövcud hərəkət istiqamətləri isə hələlik saxlanılıb.
Hərəkət istiqaməti Avtovağzal-20 Yanvar metro stansiyası–Badamdar qəsəbəsi-Səbail meydanı-20-ci sahə olan əvvəlki 5 nömrəli marşrut avtobusunun isə nömrəsi dəyişdirilərək 53 nömrəsi ilə əvəz olunub. Yəni əvvəlki 5 nömrəli marşrut sabahdan etibarən 53 nömrəli marşrut adı ilə sərnişinlərə xidmət göstərəcəkdir.