Bakı, 14 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) "Alman dili dərsində poetik yazı" mövzusunda beş günlük ixtisas kursu başa çatıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, kursu bu ali təhsil ocağı və Alman Akademik Mübadilə Xidməti (DAAD) birgə təşkil ediblər.
BDU-nun germanistika və alman dilini tədris edən müəllimləri ilə yanaşı, digər ali məktəb əməkdaşlarının da iştirak etdiyi kurs Almaniyadan dəvət edilən mütəxəssis xanım İngrid Beker-Rossun rəhbərliyi ilə keçirilib.
Kursun sonunda iştirakçılara sertifikatlar verilib.
Qeyd edək ki, kursda aşağı dil səviyyələrində yazı qabiliyyətinin inkişaf etdirilməsi metodlarının öyrədilməsi, alman ədəbiyyatının aşağı dil səviyyələrində aktiv müqayisəsinin göstərilməsi, yazıda baryeri aradan qaldırmaq üçün lazımı şərtlərin müzakirəsi, öz yazdığının interpretasiyasına girişin əks etdirilməsi, bu tapşırığı inkişaf etdirmək üçün müvafiq qiymətləndirmə meyarları əsas müzakirə obyekti olub.

