Bakı, 16 sentyabr, Ramiz Quliyev, AZƏRTAC
Vergilər Nazirliyinin internet vasitəsilə göstərdiyi 60 elektron xidmətdən yeddisi Çağrı Mərkəzi tərəfindən həyata keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu xidmət vasitəsilə vergi ödəyiciləri vergi qanunvericiliyi və elektron xidmətlərin tətbiqinə aid suallara operativ cavab və elektron xidmətlərin tətbiqi zamanı yaranmış texniki problemlərin aradan qaldırılmasına dair yardım ala bilərlər. Xidmət real vaxt rejimində həyata keçirilir və daxil olmuş müraciətlər dərhal cavablandırılır.
Müraciət edən şəxsin sualına tam və əhatəli cavab vermək mümkün olmadıqda onunla təkrar əlaqə yaradılaraq məlumatlandırılması üçün sual vərəqəsi tərtib edilir. Bu tipli müraciətlərə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən baxılır.
İnformativ növlü bu xidmətin göstərilməsi üçün ödəniş nəzərdə tutulmayıb, istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz. Xidmət www.taxes.gov.az və www.e-gov.az elektron ünvanlarında təqdim olunur və ondan fiziki və hüquqi şəxslər istifadə edə bilərlər. Xidmətin göstərilməsi üçün müraciət edən şəxsdən hər hansı sənəd tələb olunmur və sorğunun yerinə yetirilməsindən heç bir halda imtina edilmir.
Bundan əlavə, həmin xidmətdən istifadə etməklə bütün fiziki və hüquqi şəxslər vergidən yayınma halları və vergi orqanının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) barədə müraciət edə bilərlər. Bu elektron xidmət də informativ növlüdür və heç bir ödəniş nəzərdə tutulmayıb.