Bakı, 18 sentyabr, Xatirə Cəfərova, AZӘRTAC
Sentyabrın 18-də İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin 20 illiyi ilə bağlı "dəyirmi masa" keçirilib.
AZӘRTAC xəbər verir ki, “İstehlakçı hüquqlarının müdafiəsi sahəsində hüquqi tənzimləmə: reallıqlar, perspektivlər” mövzusuna həsr olunmuş tədbirdə əlaqədar dövlət qurumlarının, beynəlxalq və ictimai təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər.
Dövlət Xidmətinin rəisi Zahid İsayev Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsasının ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il sentyabrın 19-da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ilə qoyulduğunu və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə işlərin daha da gücləndirildiyini vurğulayıb.
Qeyd olunub ki, bu Qanunla Azərbaycanda ilk dəfə olaraq beynəlxalq ictimaiyyət tərəfindən tanınmış istehlakçı prinsipləri hüquqi şəkildə təsbit edilib, bu sahədə hüquqi bazanın tam şəkildə formalaşdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər həyata keçirilməyə başlayıb. İstehlakçılar və sahibkarlar arasındakı münasibətlərin tənzimlənməsini, istehlakçı hüquqlarını və bu hüquqların müdafiəsi mexanizmini özündə birləşdirməsi baxımından Qanun olduqca böyük əhəmiyyətə malikdir.
İstehlakçı hüquqlarının qorunmasının ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olduğunu vurğulayan Dövlət Xidmətinin rəisi Zahid İsayev ə bu istiqamətdə tədbirlərin davam etdiyini bildirib.
Tədbirdə, həmçinin istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmənin xüsusi rolu qeyd edilib və Dövlət Xidməti tərəfindən bu sahədə görülən işlər iştirakçıların diqqətinə çatdırılıb. Məlumat verilib ki, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarlıq subyektlərinin, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə 2015-ci ildə Bakıda və regionlarda 8 konfrans, ali və orta ixtisas təhsil müəssisələrində 5 seminar keçirilib, sahibkarlara və istehlakçılara 24 adda 60 mindən çox buklet və yaddaş kitabçaları paylanıb. İstehlakçıların maarifləndirilməsi istiqamətində işlər davam etdirilib.
Tədbirdə aidiyyəti dövlət orqanlarının, yerli və beynəlxalq təşkilatların nümayəndələri istehlakçı hüquqlarının qorunması sahəsində mövcud vəziyyət, bu sahədə qanunvericilik, həyata keçirilən maarifləndirmə tədbirləri mövzularında çıxış ediblər. Eyni zamanda, istehlakçı hüquqlarının qorunması sahəsində fəaliyyətin səmərəliliyinin artırılması üçün müxtəlif təkliflər səsləndirilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.