Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) yeni istiqamət üzrə kadr hazırlığına başlanılır.
ADİU-dan AZƏRTAC-a bildirilib ki, Türkiyə universitetləri arasında akademik reytinqinə görə birinci sırada, QS reytinqinə qərarlaşan Hacettepe Universiteti ilə əldə olunan razılığa əsasən, səhiyyə menecmenti ixtisası üzrə magistratura pilləsində ikili diplom proqramı təşkil ediləcək. Proqram ADİU-nun beynəlxalq magistratura və doktorantura mərkəzində həyata keçiriləcək. Proqrama əsasən, magistrlər hər iki universitetdə mübadilə yolu ilə təhsil alacaqlar. Türkiyə Respublikası Ali Təhsil Şurası layihənin reallaşdırılmasına dəstək verəcək. Bununla bağlı, Türkiyəyə səfəri çərçivəsində ADİU-nun rektoru, professor Ədalət Muradovla YÖK-ün sədri, professor Yekta Saraç arasında razılıq əldə olunub.
ADİU-da səhiyyə menecmenti ixtisası üzrə kadr hazırlığının həyata keçirilməsində əsas məqsəd ölkədə fəaliyyət göstərən çoxlu sayda özəl tibb müəssisələrinin peşəkar idarəetməsinə dəstək göstərməkdir. Qərb ölkələrindəki təcrübəyə əsasən, bu cür müəssisələrin idarə edilməsi ixtisaslaşmış menecerlər tərəfindən həyata keçirilir. ADİU bu proqram vasitəsilə Azərbaycanda səhiyyə menecerlərinə olan kadr tələbatını qısa zamanda ödəyə biləcək.
Qeyd edək ki, Hacettepe Universiteti səhiyyə menecmenti ixtisasında peşəkar kadrların yetişdirilməsində böyük təcrübəyə malikdir. Ali təhsil müəssisəsinin tibb fakültəsi QS reytinqinə görə dünyada 301-ci sırada qərarlaşıb.