Bakı, 21 sentyabr, AZƏRTAC
Hazırda Azərbaycan Avropanın ən iri infrastruktur layihəsini – “Cənub” qaz dəhlizi layihəsini həyata keçirir. Bu, “Şahdəniz-2” və sonrakı layihələr çərçivəsində Azərbaycanda çıxarılacaq böyük təbii qaz həcmlərinin Avropa ölkələrinə daşınması məqsədilə yaradılan nəhəng infrastruktur zənciridir. “Cənub” qaz dəhlizi layihəsi çox sayda müxtəlif maraqlı tərəfləri və 3 min 500 kilometrlik geniş bir coğrafiyanı əhatə edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində məlumat verib. O qeyd edib ki, “Cənub” qaz dəhlizi layihəsi Xəzər regionundakı qaz təchizatını ilk dəfə olaraq Avropa bazarları ilə birləşdirəcək, dünyanın enerji xəritəsinə ciddi dəyişiklik gətirəcək. İlk növbədə Azərbaycan və Gürcüstan əraziləri boyunca uzanan Cənubi Qafqaz Boru Kəməri genişləndiriləcək. Hazırda bu kəmərlə “Şahdəniz” qazı Gürcüstan və Türkiyəyə daşınır. Genişləndirmə işləri çərçivəsində faktiki olaraq hazırkı kəmərə paralel yeni bir boru xətti və Gürcüstanda iki yeni kompressor stansiyası inşa ediləcək, kəmərin ümumi ötürücülük gücü ildə 23 milyard kubmetrə çatdırılacaq.