Şimal Buzlu okeanının sahillərində, Şpisbergen arxipelaqında yerləşən "Məhşər Günü anbarı"ndan ilk dəfə nümunələr çıxarılıb.
Bu anbarda Yerdəki ən önəmli bitkilərin toxumları saxlanır.
Milli.Az The İndependent-ə istinadən bildirir ki, suriyalı alimlər quraqlıq məkanlarda əkilmək üçün nəzərdə tutulmuş taxıl, arpa və bəzi ot növlərinin toxumlarını istəmişdilər.
Yaxın Şərqdəki aqronomlar indiyədək nümunələri Suriyanın Hələb şəhərindəki Beynəlxalq Quraqlıq Bölgələrin Aqronomiyasının Tədqiqatları Mərkəzindən götürürdülər. Suriyadakı vətəndaş müharibəsi səbəbindən qurum 2012-ci ildə Beyruta köçüb və onun ehtiyatlarının əksəriyyəti məhv olub.
Suriyalı alimlər hələ vətəndaş müharibəsinədək Norveçə yolladıqları 325 qutu toxumdan 130 qutunun geri qaytarılmasını istəyiblər.
"Məhşər Günü Anbarı"nda 4,5 milyon toxum saxlanır. Toxumların yığımı və saxlanması ilə bağlı xərcləri müstəqil beynəlxalq "Crop Diversity Trust" fondu ödəyib, anbar Norveçdə tikilib. Layihə 9,6 milyon dollara başa gəlib.
Milli.Az