Tokio, 30 sentyabr, AZƏRTAC
Yaponiya Suriya və İraqdan olan qaçqınları qəbul etməyə hazır olmasa da, problemin həlli ilə bağlı Avropa ölkələrinə hər cür yardım etmək niyyətindədir. Bu barədə Baş nazir Şinzo Abe sentyabrın 29-da Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bildirib.
Baş nazir deyib: “Bu il yaranan əsas problemlərdən biri Şimali Afrikadan və Yaxın Şərqdən qaçqınların axınıdır. Yaponiya bu problemin həllində həmrəylik nümayiş etdirir. Problemin kökündən həlli üçün biz maliyyə, tibbi yardım və təhsil də daxil olmaqla müxtəlif səviyyələrdə yardım etmək niyyətindəyik”.
Yaponiyanın qaçqınları qəbul etməyə hazır olmadığını diqqətə çatdıran Ş. Abe bildirib ki, bunun üçün əvvəlcə ölkədə doğumun sayını artırmaq və cəmiyyətdə qadınların, həmçinin yaşlıların rolunu möhkəmləndirməyə çalışmaq lazımdır.
BMT Baş Məclisinin tribunasından çıxışı zamanı Baş nazir bəyan edib ki, Yaponiya Suriya və İraqdan olan qaçqınlara yardım üçün bu il 810 milyon dollar ayıracaq: “Biz bundan sonra da Suriyadan və İraqdan olan qaçqınlara yardımı davam etdirəcəyik. Cari il biz bu məqsədlə təqribən 810 milyon dollar, ötən ildəkindən üç dəfə çox yardım ayıracağıq”.
Ş.Abe, həmçinin qeyd edib ki, Yaponiya insan ehtiyatları və humanitar yardım göstərilməsi sahələrində təcrübəyə malikdir və bunu digərləri ilə bölüşmək niyyətindədir.
Yaponiyanın Yaxın Şərqdə və Afrikada sülhün təmin olunması üçün 750 milyon dollar ayırmağa hazır olduğunu qeyd edən Baş nazir vurğulayıb ki, bu, ölkəsinin həyata keçirməyə çalışdığı fövqəladə tədbirlərdir. Ş.Abe deyib: “Bununla yanaşı, bizim daimi prinsipimiz ilk növbədə böhranı yaradan səbəblərin aradan qaldırılmasıdır. Başa düşmək lazımdır ki, qaçqınların arxasında heç yerə qaça bilməyən çoxlu sayda insan kütləsi də dayanır”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio