Bakı, 4 oktyabr, AZƏRTAC
Amerikalı rəssam Endi Uorholun fırçasına məxsus Mao Tsedunun məşhur portreti satışa çıxarılacaq. Sotheby's satış evinin nümayəndəsi portretin noyabrın 11-də auksiona qoyulacağını deyib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, lotun ilkin qiyməti 40 milyon dollar təşkil edəcək.
“Mao” portreti 1972-ci ildə ABŞ Prezidenti Riçard Niksonun Çinə tarixi səfərindən sonra çəkilib. Bu rəsm əsəri Uorhol yaradıcılığında Merlin Manro, Elizabet Teylor, Elvis Presli, Vladimir Lenin, Riçard Nikson və digər tarixi şəxsiyyətlərin yer aldığı məşhurların portretləri silsiləsində ilk əsərlərdən olub.
Satışa qoyulmazdan öncə “Mao” portreti dünya turuna çıxacaq. Hazırda əsər Honkonqdakı ekspozisiyada yer alır. Daha sonra isə Londonda və Nyu-Yorkda nümayiş etdiriləcək.