Təəssüratlarını Axşam.az-la bölüşən müğənni özəl gününü yaxınları ilə birlikdə keçirdiyini deyib:
“Təmtəraqlı məclisləri sevmirəm. Yubileyim olanda dövlət məsləhət bilərsə, böyük qeyd olunar. Onda mən də əziz insanlarımı ora dəvət edərəm. İndi isə ailəmlə birlikdə keçirirəm. Yaxın dostum da bizə qonaq gəlib. Rayondayıq. Çox sayda insandan təbrik almışam. Gözəl günümdə məni tək qoymayan yaxınlarıma təşəkkür edirəm”.
Qeyd edək ki, B.Əşrəfov 1951-ci ildə Masallı rayonunda anadan olub. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirib. Eyni zamanda 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursundakı təhsilini başa vurub.
1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il kənddə müəllim işləyib. 1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi "Turac təranələri" radio olimpiadasının qalibi olub.
1974-cü ildə keçirilən "Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı"nda qalib olaraq diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim edib. İslam Rzayevin ansamblında çalışarkən bütün Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib əməkçilər qarşısında çıxışlar etmişdir.
1989-cu ildə yaratdığı "Şəhriyar" (AzKonsertin nəzdində) ansamblı ilə Bakının bütün böyük konsert salonlarında konsertlər verib.