Bakı, 9 oktyabr, Nihat Budaqov, AZƏRTAC
“Qazprom” Türkiyənin “Mavi axın” qaz boru kəməri ilə əlavə 3 milyard kubmetr təbii qazın bu ölkəyə göndərilməsi ilə bağlı istəyini qəbul etməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Qazprom”un idarə heyətinin sədri Aleksey Miller məlumat verib. Lakin o, ən azı 2 milyard kubmetr təbii qaz planlaşdırılan “Türk axını” qaz boru kəməri (Turkish Stream) ilə göndərilə biləcəyini qeyd edib.
“Mavi axın” boru kəməri Rusiya qazını Qara dənizdən keçməklə Türkiyəyə çatdıran boru xəttidir.
Qeyd edək ki, ötən günlərdə “Qazprom” “Türk axını” qaz boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına qərar verib. Əvvəllər “Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulurdu. Bu həcmin 47 milyard kubmetrinin Avropanın, 16 milyard kubmetrinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılırdı.