Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasında müzakirə edilib.
İclasda çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov deyib ki, hesabat dövründə Nəsimi rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 350255 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21,6 faiz çox sənaye məhsulu istehsal edilib. Rabitə müəssisələri tərəfindən 45652 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz cox rabitə xidməti, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən isə ümumilikdə 290219 min manatlıq xidmətlər göstərilib.
Doqquz ayda rayonun tikinti kompleksində bütün maliyyə mənbələri hesabına 703200 min manat məbləğində investisiyadan istifadə edilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 12,8 faiz çox olub. İstifadə edilmiş vəsaitin 630450 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənib ki, bu, keçən ilin müvafiq dövrünə nisbətən 19,8 faiz çoxdur.
2015-ci ilin əvvəlindən yeni açılmış iş yerlərinin sayı 1887-yə çatıb.
Qeyd edilib ki, bu il orta məktəbləri bitirən 1532 abituriyentdən 957-si tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 200-ü 500-dən, 72-si 600-dən, 29-u isə 650-dən çox bal toplayıb. Məzunlardan 166-sı xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunub, 4 məzun Prezident təqaüdünə layiq görülüb, bir nəfər isə 700 bal toplayıb.
2015-ci ilin 9 ayı ərzində Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 824 ailənin 3068 üzvünə ünvanlı dövlət sosial yardımı təyin olunub və hər ay ödənişə göndərilib. Ümumilikdə Nəsimi rayonu üzrə 1086 ailənin 4021 üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin olunub.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.