Bakı, 17 oktyabr, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı ilə Safranbolu bələdiyyəsinin birgə təşkil etdiyi və beş gün davam edən foto-safari boyunca görüş, iştirakçılara bu bölgənin tarixi, mədəni və təbii zənginlikləri, insanların yaşam tərzi ilə yaxından tanış olmaq imkanları qazandırıb. Bu tanışlıq Türkiyənin Safranbolu şəhərində “XII TÜRKSOY Fotoqraflar Görüşü” nəticəsində reallaşıb.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Bosniya-Herseqovina, Makedoniya, Albaniya, Ukrayna və digər ölkələrinin fotoqrafları iştirak ediblər.
Görüş XVI Beynəlxalq “Qızıl zəfəran sənədli film festivalı” çərçivəsində keçirilib. Adıçəkilən festival Türkiyənin Safranbolu şəhərində baş tutub. Azərbaycanlı, qazax, qırğız, kipr və alban rejissorlarının qatıldığı bu festivalda çoxmillətli münsiflər heyətinin qərarı birinci yeri qırğız rejissoru Tınay İbragimovun çəkdiyi “On üçüncü” adlı ekran əsəri qazanıb. Türk Dünyası Bələdiyyələr Birliyinin xüsusi mükafatı isə Azərbaycanlı rejissor Adil Azaya təqdim olunub.
Görüş çərçivəsində iştirakçılar tərəfindən çəkilən şəkillər toplanaraq “Türk dünyası fotoqraflarının gözü ilə Safranbolu” adlı sərgi açılıb.
