Bakı, 19 oktyabr, AZƏRTAC
​ Azərbaycanda səhiyyə sistemində aparılan geniş islahatlar, dövlətimizin əhalinin sağlamlığına göstərdiyi qayğı tibbin anesteziologiya və reanimatologiya sahəsinin beynəlxalq standartlar və normativlər səviyyəsində fəaliyyət göstərməsinə imkan yaradıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə əhalisinə yüksək anestezioloji və reanimatoloji yardımın göstərilməsi üçün bütün tibb müəssisələrində müasir standartlara cavab verən müvafiq maddi-texniki baza yaradılıb. Ən ucqar rayonlarda fəaliyyət göstərən xəstəxanalarda belə anestezioloji və reanimatoloji xidmət təşkil olunub.
Müxtəlif anesteziya metodlarının tətbiqi üçün Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi ən yeni dərman preparatları Azərbaycanda mövcuddür. Ölkədə bu sahədə yüksək ixtisaslı kadrlar fəaliyyət göstərir. Həmçinin anestezioloq və reanimatoloqlar üçün rezidentura sisteminin tətbiq edilməsi bu sahədə peşəkar həkimlərin hazırlanmasına zəmin yaradır.