Bakı, 21 oktyabr, Ceyhun Alışov, AZƏRTAC
Oktyabrın 21-də İndoneziya Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolis İçərişəhərlə tanış olub.
AZƏRTAC xəbər verir ki, İçərişəhərdə gəzinti Qız qalası ilə tanışlıqdan başlayıb. Qonaqlara Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Qonağa Qız qalasında konservasiyası işlərindən sonra yaradılan muzey ekspozisiyası barədə də məlumat verilib. O, həmçinin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlıq və bərpa işləri barədə ətraflı məlumatlandırılıb. Diqqətə çatdırılıb ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.
